• İQTİSADİYYAT

    11:08 22 sentyabr 2020

“Azəri-Çıraq-Günəşli” və "Şahdəniz" istismara veriləndən indiyədək 546 mln. tona yaxın neft hasil edilib

Bu ilin yanvar-avqust aylarında operativ məlumatlara əsasən, Azərbaycanda 23,2 mln. ton neft (kondensatla birlikdə) hasil edilib. Neft (kondensatla birlikdə) hasilatı ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən 1,8 mln. ton və ya 7,2% az olub.

Bu barədə “APA-Economics”ə Azərbaycan Energetika Nazirliyindən bildirilib.

“Respublika üzrə hasil edilmiş neftin 16 mln. tonu “Azəri-Çıraq-Günəşli”nin (AÇG), 2,4 mln. tonu (kondensat) “Şahdəniz”in payına düşüb. SOCAR üzrə hasilat isə 4,8 mln. ton təşkil edib”, - deyə nazirlikdən qeyd olunub.

Səkkiz ayda 19,2 mln. ton neft (kondensatla birlikdə) ixraca nəql olunub. Bu 2019-cu ilin yanvar-avqust aylarına nisbətən təxminən 1,7 mln. ton, yəni 8% azdır. Neft-kondensatın 18,4 mln. tonu konsorsium, 0,8 mln. tonu isə SOCAR üzrə ixraca nəql edilib.

Hesabat dövründə ötən ilin müvafiq dövrünə nisbətən 8,7%, yəni 2 mlrd. kubmetr artımla 25,1 mlrd. kubmetr qaz hasil edilib. Qaz hasilatının 7,9 mlrd. kubmetri AÇG-dən, 12,3 mlrd. kubmetri isə “Şahdəniz”dən əldə edilib. SOCAR üzrə bu dövrdə 4,9 mlrd. kubmetr qaz hasil olunub.

Bu dövrdə xaricə qaz satışı 8,7 mlrd. kubmetr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 17,6% çoxdur.

AÇG və “Şahdəniz” yataqları istismara veriləndən bu ilin 1 sentyabr tarixinədək ümumilikdə 545,5 mln. ton neft (kondensatla birlikdə) hasil edilib və 544,9 mln. ton neft (kondensatla birlikdə) ixraca nəql edilib.

Bu dövrdə AÇG-dən 172,8 mlrd. kubmetr, “Şahdəniz”dən isə 129,1 mlrd. kubmetr qaz hasil edilib. “Şahdəniz” yatağı istismara veriləndən cari ilin 1 sentyabr tarixinədək 85,7 mlrd. kubmetr qaz ixraca nəql edilib.

ONA

Teqlər:

SON XƏBƏRLƏR