Azərbaycan ərazisində, o cümlədən Bakı şəhəri, ətraf qəsəbə və kəndlərdə abonentlərin qaz təchizatının yaxşılaşdırılması və istismara yararsız vəziyyətdə olan qaz kəmərlərinin yenidənqurulması məqsədi ilə SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi tərəfindən 2019-cu ilin yanvar-mart ayları ərzində 162,5 km müxtəlif diametrli yeni qaz kəmərləri çəkilib, 113,8 km qaz kəmərləri əsaslı təmir edilib.
ONA-nın "Azəriqaz"a istinadən verdiyi məlumata görə, cari ilin yanvar-mart ayları ərzində regionlar üzrə 18 qəsəbə, kənd və yeni salınmış yaşayış massivində qazlaşdırma işlərinə başlanılıb, o cümlədən 655 fərdi evdən ibarət İsmayıllı rayonunun Qalacıq kəndində tikinti quraşdırma işləri yekunlaşdırılaraq təbii qazın verilməsi təmin edilib.
Bundan başqa, yeni qazlaşdırılan yaşayış sahələrində qaz şəbəkəsinin qurulmasında “bir pilləli” tənzimləmə sistemi tətbiq edilmişdir ki, bu da hər bir abonentin fərdi qaz tənzimləyicidən istifadə etməsinə və istehlakçılara ötürülən qazın sabit rejimdə saxlanılmasına zəmin yaradır.