“SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi Azərbaycanın yurisdikdiyasına daxil olan istənilən ərazidə abonentlərə heç bir fərq qoymadan xidməti özünün vəzifə borcu hesab edir”.
"APA-Economics"in xəbərinə görə, bunu "Azəriqaz" İstehsalat Birliyinin (İB) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev "Açıq qapı" aksiyası çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.
Xatırladaq ki, martın axırlarında Qarabağ iqtisadi rayonuna aid ərazidə uzun illər texniki xidmət göstərilmədən istismar olunan qazpaylayıcı xətlərdəki nasazlıq Xankəndi şəhərinin və ətraf ərazilərin qaz təchizatında problemlərin yaranmasına səbəb olub.
Normadan artıq qarın yağmasına baxmayaraq, "Azəriqaz" İB-nin əraziyə ezam olunmuş əməkdaşları çətin relyefli ərazidə qəzanın nəticələrinin aradan qaldırılması istiqamətində zəruri tədbirlər görüb. Nəticədə, Xankəndi və digər ətraf yaşayış məntəqələrinə təbii qazın verilməsi bərpa olunub.
““Azəriqaz” İstehsalat Birliyi sözügedən hadisə rayonunda fors-major halın aradan qaldırılması ilə məşğul olub. Qazın hansı tərəfdən veriləcəyi, ödənişlərin hansı formada olacağı məsələsi sonrakı mərhələlərdə müzakirə oluna bilər. Hələlik bu, müzakirə predmeti deyil. İndiki halda “Azəriqaz” fors-major hadisənin nəticələrinin aradan qaldırılmasını həyata keçirdi. Çünki “Azəriqaz” İB Azərbaycanın yurisdikdiyasına daxil olan istənilən ərazidə abonentlərə heç bir fərq qoymadan xidməti özünün vəzifə borcu hesab edir”, - deyə E. Vəliyev qeyd edib.