Bu ilin yanvar ayından indiyədək "Azərişıq" ASC-nin elektron müraciətlərin idarə olunması sisteminə 1 300-dən artıq sahibkar müraciət edib ki, onların elektrik sisteminə qoşulması təmin edilib. ONA-nın xəbərinə görə bunu “Azərişıq” ASC-in perspektiv inkişaf və “ASAN Xidmət”lə iş idarəsinin rəisi Elsevər Rüstəmli Azərbaycan İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) Sahibkarlıq obyektlərinin elektrik şəbəkəsinə qoşulması ilə bağlı həyata keçirilən islahatlar və elektron müraciətlərin təkmilləşdirilməsi ilə bağlı görülən işlərə dair mətbuat konfransında deyib.
Onun sözlərinə görə, bundan öncə sahibkarlar sənədlərin surətini sistemə əlavə edirdisə, hazırda bu avtomatik elektron qaydada həyata keçirilir.
"Prosedurun köhnə qaydalarla həyata keçirilməsi elektron xəritəyə inteqrasiya olunmasında və aidiyyəti məlumatların digər qurumlardan əldə olunmasına bizə problem yaradırdı. Lakin, hazırkı sistemin üstünlüyü ondan ibarətdir ki, elektron imza ilə sahibkarın həm FİN bağlantısı, həm də VÖEN bağlantısı ilə bu məlumatlar alınır, çıxarışın nömrəsi də görünəndə artıq koordinat elektron xəritə ilə əldə olunur", - deyə E. Rüstəmli qeyd edib.