Şimal regionunda hava şəraitinin kəskin dəyişilməsini nəzərə alaraq mayın 25-də axşam saatlarında baş verə biləcək hadisələrin qarşısının alınması məqsədi ilə “Azərişıq” ASC-də qabaqlayıcı və zəruri tədbirlər görülür.
“Azərişıq” ASC-dən ONA-ya verilən məlumata görə, elektrik şəbəkələrinin normal iş rejiminin təmin olunması məqsədilə Quba, Qusar və Xaçmaz rayonlarında regional enerji təchizatı idarələri, şəhər-rayon elektrik şəbəkələri üzrə təsis edilən növbətçilik üzərində nəzarət gücləndirilib, “Azərişıq” tərəfindən qabaqlayıcı tədbirlər görülür.
Texniki Departamentə tabe olan xidmət sahələrində və avtonəqliyyat idarəsində növbətçilik təşkil edilərək zəruri olan mal-materialların ehtiyatı yaradılıb. Hazırda ölkə boyu istehlakçılar fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təchiz olunur. Gecə saatlarında bəzi yerlərdə baş verən qəzaların nəticələri operativ aradan qaldırılır. Güclü küləyin təsiri nəticəsində fərdi qaydada hər hansı problemlər yaranarsa, istehlakçılardan “199 Çağrı Mərkəzi”nə zəng etmələri xahiş olunur.