"Azərişıq" ASC-nin elektron müraciətlərin idarə olunması sistemi “ASAN kommunal”da qərarlaşan Texniki Şuranın işinə inteqrasiya edilib.
ONA-nın xəbərinə görə bunu “Azərişıq” ASC-in perspektiv inkişaf və “ASAN Xidmət”lə iş idarəsinin rəisi Elsevər Rüstəmli Azərbaycan İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) Sahibkarlıq obyektlərinin elektrik şəbəkəsinə qoşulması ilə bağlı həyata keçirilən islahatlar və elektron müraciətlərin təkmilləşdirilməsi ilə bağlı görülən işlərə dair mətbuat konfransında deyib.
Onun sözlərinə görə, sistemin üstün cəhətlərindən biri də elektron məlumatlarla yanaşı, rəqəmsal sistemlərlə də inteqrasiya oluna bilməsidir.
"Sahibkar e-hökumət portalı üzərindən elektron və ya “ASAN İmza” ilə şəxsi kabinetinə daxil olur, VÖEN məlumatı, yaxud FİN nömrəsi daxil etdikdə ona məxsus məlumatlar avtomatik olaraq yerləşir", - deyə E. Rüstəmli bildirib.
E. Rüstəmli onu da qeyd edib ki, “Sahibkarların mövcud və inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi ilə təchizatı prosedurunun sadələşdirilməsi haqqında” Azərbaycan Prezidenti tərəfindən verilən Fərmana uyğun olaraq bir çox işlər görülüb.
"Həyata keçirilən islahat təbirləri nəticəsində prosedurların sayı 7-dən 2-yə, sərf edilən müddət isə 41 gündən 20 günə endirilib. Həmçinin, sahibkarlara elektrik enerjisi təchizatı şəbəkələrinə qoşulması üçün texniki şərtlərin o cümlədən layihə sənədlərinin hazırlanması və göndərilməsi, fiziki qoşulmanın təmin edilməsi məqsədilə müraciətlərin kiçik və orta biznes evlərində, “ASAN Kommunal” mərkəzlərində elektron qaydada edilməsinə imkan yaradılıb", - deyə E .Rüstəmli bildirib.
Elektron müraciətlərin sayının artırılması məqsədilə "Azərişıq" ASC-nin elektron müraciətlərin idarə olunması sisteminin daha da təkmilləşdirildiyini və əlçatanlığın təmin edildiyini deyən E. Rüstəmli bununla məmur-vətəndaş təmasının minimuma endirildiyini qeyd edib.