"Azərkosmos" ASC 2019-2020-ci illər üzrə "Yer səthinin məsafədən müşahidə xidmətlərinin təşviqi" layihəsini elan edir.
ASC-dən ONA-ya verilən məlumata görə, layihənin əsas məqsədi "Azərbaycanda peyk vasitəsilə Yerin məsafədən müşahidəsi xidmətlərinin inkişafına dair 2019–2022-ci illər üçün Dövlət Proqramı"nda nəzərdə tutulan tədbirlərlə bağlı prioritet hesab edilən sahələr üzrə elmi tədqiqatla məşğul olan hüquqi şəxslərə və tədqiqatçılara texniki dəstəyin verilməsi, Azərbaycanda Yer səthinin məsafədən müşahidəsi xidmətlərinin, Azersky peykindən alınan məlumatlar istifadə olunmaqla ölkə daxilində istifadəsini təşviq etmək və inkişafına təkan verməkdir. Layihədə iştirak ödənişsizdir.
"Azərkosmos" 15 iyul 2019-cu il tarixinədək qalib təkliflərin müəlliflərini əvəzsiz olaraq təkliflərində qeyd olunan tələblərə əsasən “Azersky store”da mövcud olan "Azersky/SPOT6" peykinin təsvirləri ilə təmin edəcək. Bunun əvəzində Qaliblər Azersky/SPOT6 peykinin təsvirlərini aldıqdan sonrakı 12 ay ərzində – 2020-ci ilin ilk 3 ayından gec olmayan tarixədək layihələrinin nəticələrini “Azərkosmos”a və layihənin digər üzvlərinə təqdim etməyi öz öhdəsinə götürürlər.
Layihədə elmi-tədqiqat institutları, universitetlər, elmi tədqiqatla məşğul olan digər qurumlar, həmçinin istənilən hüquqi və ya fiziki şəxslər iştirak edə bilərlər.
İştirakçılar təkliflərini azercosmos.az saytına daxil olaraq saytda qeyd olunan iştirak formasından qeydiyyatdan keçirə bilərlər. Layihədə iştirak etmək üçün son tarix 31 may 2019-cu ildir.