"Azərpoçt" MMC Ümumdünya Poçt İttifaqının (ÜPİ) Gömrük Bəyannaməsi Sistemini (CDS - Customs Declaration System) sınaqdan keçirir. Bunu ONA-ya Azərbaycan Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən deyiblər.
Nazirlikdən bildirilib ki, hazırda bu sistem ÜPİ-yə üzv olan 193 ölkələrdən yalnız 25-i qoşulub.
"Sistemin səmərəli işləməsində vacib olan məqam ondan ibarətdir ki, bu sistemə ÜPİ-yə üzv olan bütün poçt operatorları qoşulsun. Hazırda elə ölkələr var ki, bu sistemin tətbiqinə ya maraqlı deyillər, ya da texniki imkanları mövcud deyil. Müxtəlif səbəblər var ki, bu proses bir qədər ləng gedir", - deyə Nazirlikdən bildiriblər.
Qeyd edək ki, CDS sistemi bağlamaların içində olan əşyalar və onların dəyəri barədə bəyannamə təqdim etmək üçün nəzərdə tutulub. Bu məlumatlar poçt operatoru tərəfindən CDS-nin verilənlər bazasına daxil edilir. Bağlamanı qəbul edən ölkənin poçt operatoru isə CDS üzərindən elektron bəyannaməni əvvəlcədən əldə edir. Bəyannamə məlumatları həmçinin ölkənin gömrük orqanında da əks olunur.