• İQTİSADİYYAT

    10:21 29 aprel 2019

"Azərpoçt" ötən həftə 40 mindən çox vətəndaşa 11 mln. manata yaxın kompensasiya ödəyib

Problemli kreditlərin həlli ilə bağlı prezident İlham Əliyevin 28 fevral tarixli fərmanı üzrə Bank olmayan kredit təşkilatları və bağlanan bankların müştəriləri aprel ayının 22-dən "Azərpoçt" MMC-nin respublika üzrə 1 497 şöbəsindən kompensasiyalarını ala bilirlər. Bu gün artıq 8-ci günüdür ki, problemli kredit sahiblərinə kompensasiyaların ödənilməsinə başlanılıb.

"Azərpoçt"dan ONA-ya verilən məlumata görə, son 7 gün ərzində 40 907 nəfər 500 manatdan aşağı kompensasiyası olan vətəndaş ona düşən məbləği nağd olaraq alıb. Bank olmayan kredit təşkilatları və bağlanan bankların müştəriləri 7 gün ərzində "Azərpoçt" MMC-dən 10 773 346 manat vəsaiti nağd formada alıb.

May ayının 1-dən etibarən isə kompensasiyası 500 manatdan yuxarı olan vətəndaşlar onlar üçün ayrılmış poçt şöbələrindən məbləğlərini qeyri-nağd formada, yəni kart vasitəsilə alıb, nağdlaşdıra biləcəklər. "Azərpoçt" Bakı ərazisində yerləşən şöbələri və bölgələrdə kompensasiyanı kartlar vasitəsilə respublika üzrə 77 şöbəsində təqdim edəcək.

"PIN kodlar və kartlar müştərilərə təqdim edilərkən reyestrdə imza etdiriləcək və şəxsiyyət vəsiqəsinin surəti alınaraq reyestrə əlavə olunacaq. Müştərilər nəinki “Azərpoçt”un bankomatlarında və post terminallarla təhciz olunan şöbələrində plastik kart vasitəsilə, eyni zamanda Millikart MMC tərəfindən şəbəkəyə daxil olan bütün ATM-lər vasitəsilə rüsum tutulmadan,yəni komissiyasız nağdlaşdırma əməliyyatı həyata keçirə biləcəklər", - deyə "Azərpoçt"dan bildirilib.

Paytaxt Bakı istisna olmaqla, respublika ərazisində Sumqayıt, Gəncə, Tovuz, Qazax, Yevlax, Ağdam, Masallı, Cəlilabad, Şəmkir ərazisinə düşən kart sayı 1 000-dən yuxarı, digər bölgələrdə isə 1 000-dən aşağıdır. Qeyd edək ki, yalnız Bank Olmayan Kredit Təşkilatları və bağlanan bankların problemli kredit sahibləri "Azərpoçt" MMC-yə müraciət etməlidirlər. Bank olmayan kredit təşkilatları və bağlanan bankların problemli kredit sahibləri məbləği nağd və nağdsız formalarda olmaqla "Azərpoçt" MMC-dən ala biləcəklər.

Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən təqdim olunan siyahıya əsasən "Azərpoçt" MMC-nin icra edəcəyi əməliyyat 121 minə yaxın nəfərə şamil olunacaq. 45 minə yaxın vətəndaşın kompensasiyası 500 manatdan yuxarı olduğuna görə "Azərpoçt"un kartları vasitəsi ilə, 77 minə yaxın vətəndaş isə məbləği 500 manatdan aşağı olduğu üçün nağd şəkildə əldə edəcəklər.

Xeybər

Teqlər:

SON XƏBƏRLƏR