• İQTİSADİYYAT

    05:12 14 aprel 2019

“Azərsu” ASC-nin Nizamnamə kapitalı 14 milyon manat artırılıb

“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin (ASC) Nizamnamə kapitalı artırılıb.

ONA-nın məlumatına görə, NazirlərKabineti bununla bağlı “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər və “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 22 mart tarixli 50 nömrəli Qərarında dəyişikliklər edilməsi barədə” qərar verib.

Qərara əsasən, dövlət vəsaitləri hesabına inşa edilən və “Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən istismar olunan, texniki xidmət göstərilən aşağıdakı dövlət əmlakı həmin Cəmiyyətin balansına verilməklə, onun nizamnamə kapitalına yönəldiləcək:

- “Abşeron rayonu, Masazır qəsəbəsi Duz gölü ətrafında çirkab axıntılarının qarşısının alınması üçün kanalizasiya xəttinin və nasos stansiyaları kompleksinin inşası” layihəsi çərçivəsində tikilmiş, ümumi dəyəri 6 milyon 900 min manat olan 14,575 km uzunluğunda kanalizasiya kollektoru, 1 ədəd kanalizasiya nasosxanası, 1 ədəd yerindəyüksəltmə nasosxanası və 1 ədəd suqəbuledici kamera;

- “Sumqayıt şəhərində Acıdərə kanalının inşası (1-ci mərhələ)” layihəsi çərçivəsində tikilmiş, ümumi dəyəri 1 milyon 855 min manat olan 2 km uzunluğunda kanalizasiya kollektoru və 1 ədəd şlüzlü suqəbuledici kamera;

- “Sabunçu rayonu, Maştağa qəsəbəsinin magistral su kəmərinin və Xəzər rayonu, Buzovna qəsəbəsinin su təchizatı sisteminin yenidən qurulması” layihəsi çərçivəsində tikilmiş, ümumi dəyəri 5 milyon 450 min manat olan 6,7 km uzunluğunda magistral su xətti və 17,1 km uzunluğunda su şəbəkəsi.

Nəticədə “Azərsu” ASC-nin Nizamnamə kapitalı 408 milyon 749 min 120 manatdan 422 milyon 954 min 120 manata çatdırılır. Cəmiyyətin nizamnamə kapitalı nominal dəyəri 20 manat olan 20 milyon 437 min 456 ədəd adi səhmlərdən ibarət olub. Nizamnamə kapitalının artması ilə əlaqədar səhmlərin sayı 21 milyon 147 min 706 ədədə çatacaq.

Ramiz

Teqlər:

SON XƏBƏRLƏR