Hazırda Azərbaycan neft ehtiyatlarının işlənməsi, neft sənayesinin investisiya ilə təmin edilməsi ilə yanaşı, dünya neftin qiymətlərinin sabitləşdirilməsi prosesində iştirak edir.
ONA-nın xəbərinə görə, bu barədə energetika naziri Pərviz Şahbazov Azərbaycan Respublikasının Milli Neft Komitəsinin iclası zamanı bildirib.
Onun sözlərinə görə, ölkədə neftin qiymətlərindən asılılığın azaldılması üçün hasilatda səmərəliliyə nail olunması, neftdən əlavə dəyər yaradan məhsul kimi istifadə edilməsi istiqamətində tədbirlər görülür.
"Dünya Neft Şurası"nın 2023-cü ildə keçiriləcək 24-cü Dünya Neft Konqresinə ev sahibliyi etməsi üçün Bakının namizəd olduğunu deyən nazir lazımi dəstəyin qazanılmasında Milli Neft Komitəsinin üzərinə mühüm vəzifələrin düşdüyünü qeyd edib və müvafiq tapşırıqlar verib.
Qeyd edək ki, 24-cü Dünya Neft Konqresinə namizəd 2019-cu ilin iyun ayında Sankt-Peterburq şəhərində keçiriləcək iclası zamanı gizli səsvermə ilə müəyyən ediləcək. Azərbaycanla yanaşı Kanada, BƏƏ, Argentina və Qazaxıstan da namizəd ölkələr sırasındadır.