Bakı-Batumi arasında ilk birbaşa aviareys açılacaq.
Gürcüstanın Azərbaycandakı səfirliyindən ONA-ya verilən məlumata görə, ilk uçuş iyunun 14-də baş tutacaq.
Məlumata görə, aviareys “Buta Airways” şirkəti tərəfindən həyata keçiriləcək. Bakıdan Batumiyə uçuşlar həftədə iki dəfə – cümə və bazar günləri yerinə yetiriləcək.
Səfirlikdən həmçinin bildirilib ki, reysin açılması ilə əlaqədar olaraq Batumidə bir sıra tədbirlər, həmçinin Azərbaycanın və Gürcüstanın mədəniyyət günləri keçiriləcək.
“Reysin açılmasının əhəmiyyəti ondan ibarətdir ki, iki qardaş ölkə olan Azərbaycan və Gürcüstan arasında turizm sahəsində əlaqələr daha da dərinləşəcək. Bildiyiniz kimi, Gürcüstanın Qara Dəniz hissəsi, Acarıstan Azərbaycan turistləri üçün çox cəlbedicidir”, - deyə səfirlikdən qeyd ediblər.