Bu ilin birinci rübü ərzində “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin ümumi yükaşırmanın həcmi 1 035,6 min tondan çox olub.
QSC-dən ONA-ya verilən məlumata görə, aşırılmış yüklərin 861 min tondan çoxu və ya 83,1%-i tranzit yüklərin payına düşüb.
Konteynerlərin aşırılmasında böyük artım qeydə alınıb. Belə ki, keçən ilin müvafiq dövrü ilə müqayisədə Bakı Limanında 2019-cu ilin yanvar-mart ayları ərzində 7 253 ədəd konteyner (TEU ekvivalentində) aşırılıb ki, bu da keçən il ilə müqayisədə 55,2% artım deməkdir (2018-ci ilin müvafiq dövründə 4 673 TEU).
Qeyd olunan dövrdə, Ələt qəsəbəsində yerləşən Bakı Limanının Bərə terminalında vaqon aşırılması 13 788 (keçən ilin müvafiq dövrünə nisbətən 12,6% artım) ədədə çatıb. Bunlardan 6 446 vaqon (46,8%) Bakı-Kurik-Bakı istiqamətində, 7 342 (53,2%) Bakı-Türkmənbaşı-Bakı istiqamətində hərəkət edib.
Cari ilin yanvar-mart ayları ərzində iri həcmli nəqliyyat vasitələrinin (TIR-ların) sayı 6 543 (keçən ilin müvafiq dövrünə nisbətən 43,5% artım) ədəd olub. Belə ki, bunlardan 5 180 ədədi (79,2%) Bakı-Türkmənbaşı-Bakı, 1 363 ədədi isə (20,8%) Bakı-Kurik-Bakı istiqamətində hərəkət edib.
Hər iki istiqamətdə sərnişin daşınmasında keçən ilin müvafiq dövrü ilə müqayisədə 17,5%-lik artım qeydə alınaraq 8 813 nəfər olub.