• İQTİSADİYYAT

    13:19 25 may 2019

Bakı Dəniz Limanında gübrə terminalı inşa olunacaq

Bakı Dəniz Limanında yaxın gələcəkdə gübrə terminalının inşa olunması gündəmdədir.

ONA-nın məlumatına görə, bu barədə Bakı Dəniz Limanında "Port festivalı-2019"-un açılışı çərçivəsində “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin (Bakı Limanı) Baş direktoru Taleh Ziyadov deyib.

Onun sözlərinə görə, Bakı Limanında gübrə terminalının tikintisinin iqtisadi əsaslandırılması aparılıb.

"Ümid edirik ki, yaxın gələcəkdə Bakı Dəniz Limanında ixtisaslaşmış gübrə terminalı inşa olunacaq və fəaliyyət göstərəcək", - T. Ziyadov əlavə edib.

T. Ziyadov əlavə edib ki, Limanda aparılan əməliyyatların 85%-ı tranzit yüklərin payına düşür. Ticarət əməliyyatların böyük bir hissəsi Qazaxıstan və Türkmənistanla həyata keçirilir: "Liman üzərindən sərnişindaşımaların əksər hissəsi də Türkmənistanın və Qazaxıstanın payına düşür. Gələcəkdə Rusiyada xüsusi gəminin tikintisi başa çatandan sonra Rusyadan Azərbaycana turların təşkil edilməsi məsələsinə də baxılacaq".

T. Ziyadovun sözlərinə görə, bu il “Yaşıl liman” statusu alacağı gözlənilən Bakı Dəniz Limanı ərazisində azad iqtisadi zonanın yaradılması da biznesin inkişafına təkan verə bilər. Bu məsələ üzrə artıq işçi qrupu yaradılıb".

Xatırladaq ki, bu ilin birinci rübü ərzində "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin ümumi yükaşırmanın həcmi 1 035,6 min tondan çox olub. Aşırılmış yüklərin 861 min tondan çoxu və ya 83,1%-i tranzit yüklərin payına düşüb.

Konteynerlərin aşırılmasında böyük artım qeydə alınıb. Belə ki, keçən ilin müvafiq dövrü ilə müqayisədə Bakı Limanında 2019-cu ilin yanvar-mart ayları ərzində 7 253 ədəd konteyner (TEU ekvivalentində) aşırılıb ki, bu da keçən il ilə müqayisədə 55,2% artım deməkdir (2018-ci ilin müvafiq dövründə 4 673 TEU).

İlin birinci rübündə Ələt qəsəbəsində yerləşən Bakı Limanının Bərə terminalında vaqon aşırılması 13 788 (keçən ilin müvafiq dövrünə nisbətən 12,6% artım) ədədə çatıb. Bunlardan 6 446 vaqon (46,8%) Bakı-Kurik-Bakı istiqamətində, 7 342 (53,2%) Bakı-Türkmənbaşı-Bakı istiqamətində hərəkət edib.

Emil

Teqlər:

SON XƏBƏRLƏR