• İQTİSADİYYAT

    09:17 2 may 2019

Bakı Dəniz Limanının Əsas Yük Terminalı fəaliyyətini dayandırıb

Bakı Dəniz Limanının ən qədim terminallarından olan və paytaxtın mərkəzində yerləşən Əsas Yük Terminalı öz fəaliyyətini dayandırıb.

"Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-dən ONA-ya verilən məlumata görə, mayın 1-dən etibarən bütün liman əməliyyatları Ələt qəsəbəsində yerləşən yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanında aparılacaq.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin 18 oktyabr 2007-ci il 2 443 saylı sərəncamı ilə Əsas Yük Terminalı ərazisinin ekoloji baxımdan sağlamlaşdırılmasını və milli parkın ərazisinin genişləndirilməsini, şəhərdə nəqliyyat sıxlığının qismən aradan qaldırılmasını təmin etmək üçün mövcud liman kompleksinin Ələt qəsəbəsində yerləşən yeni Bakı Limanına köçürülməsi qərarı verilib.

Xatırladaq ki, bu ilin birinci rübü ərzində "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin ümumi yükaşırmanın həcmi 1 035,6 min tondan çox olub. Aşırılmış yüklərin 861 min tondan çoxu və ya 83,1%-i tranzit yüklərin payına düşüb.

Konteynerlərin aşırılmasında böyük artım qeydə alınıb. Belə ki, keçən ilin müvafiq dövrü ilə müqayisədə Bakı Limanında 2019-cu ilin yanvar-mart ayları ərzində 7 253 ədəd konteyner (TEU ekvivalentində) aşırılıb ki, bu da keçən il ilə müqayisədə 55,2% artım deməkdir (2018-ci ilin müvafiq dövründə 4 673 TEU).

İlin birinci rübündə Ələt qəsəbəsində yerləşən Bakı Limanının Bərə terminalında vaqon aşırılması 13 788 (keçən ilin müvafiq dövrünə nisbətən 12,6% artım) ədədə çatıb. Bunlardan 6 446 vaqon (46,8%) Bakı-Kurik-Bakı istiqamətində, 7 342 (53,2%) Bakı-Türkmənbaşı-Bakı istiqamətində hərəkət edib.

Emil

Teqlər:

SON XƏBƏRLƏR