“Bakı Metropoliteni” QSC bayram günlərində retro vaqonlardan təşkil edilmiş qatarın "İçərişəhər" stansiyasının birinci yolunda nümayiş etdirəcək.
Bakı Metropolitendən ONA-ya verilən məlumata görə, sərnişinlər SSRİ metro tarixinin ilk vaqonlarından olan 1934-cü ildə istifadəyə verilmiş "A", həmçinin 1953-1956-cı illərin istehsalı olan "Г" və 2009-cu ilə qədər Bakı Metropoliteninin xətlərində fəaliyyət göstərmiş "ЕЖ-3" tipli vaqonların qoşulduğu qatar tərkibinə tamaşa etməklə salonlarda xatirə şəkilləri çəkdirmək fürsəti əldə edəcəklər.
Bahar şənliyi personajlarının, eləcə də illüziyaçının bayram tamaşası "İçərişəhər" stansiyasının vestibülündən başlayaraq, daha sonra retro qatarda sərnişinlərin əhatəsində davam edəcək. "Bakı Metropoliteni" QSC Novruz şənliyinin keçirildiyi 19-20 mart tarixlərində bayram sovqatı da hazırlayıb. Şənliyin gedişi zamanı, daha sonra vaqonlarda oyuncaqlardan ibarət hədiyyələr kiçik sərnişinlərə təqdim olunacaq. Eləcə də bayram günlərində "Bakı Metropoliteni" bir neçə stansiyada milli muğam üçlüyü və simli kvartetin ifasında konsert proqramlarını da təqdim edəcək.
Martın 19 və 20-də saat 16:00-dan 18:00-a qədər “İçərişəhər” stansiyasında beynəlxalq müsabiqələr laureatı pianoçu Fuad Əlizadə çıxış edəcək. Bununla yanaşı, xüsusi əlamətdar günlərdə QSC-nin sərnişinlərə ərməğan etdiyi ənənəvi konsert proqramı da səsləndiriləcək. Hər iki proqramda Novruz bayramının ovqatına uyğun musiqi parçaları üstünlük təşkil edəcək. Milli muğam üçlüyü Azərbaycan Milli Konservatoriyasının, simli kvartet isə Bakı Musiqi Akademiyasının tələbə və məzunlarından ibarət kollektivlərdir. Konsert martın 19-dan 21-nə qədər dörd stansiyada nəzərdə tutulub. Musiqili dəqiqələrin afişası belədir: “28 May” stansiyası – 11:00-13:30; “Sahil” stansiyası – 12:00-13:30; “İçərişəhər” stansiyası – 13:00-14:30; ”Elmlər Akademiyası” stansiyası – 14:00-15:30.
Konsert proqramlarının təşkilində əsas məqsəd bayram günlərində sərişinlərdə yüksək bayram əhval-ruhiyyəsi yaratmaq, həmçinin şəhərimizə təşrif buyurmuş qonaqlara milli mədəniyyətimizin zəngin irsini tanıtmaqdır.