Bakı-Novorossiysk (Şimal istiqaməti) neft kəmərinin Şirvanlı İxrac Neft Təhvili sahəsində olan 496 saylı neft ölçü sisteminin 2022-ci ildə modernləşdirilməsi gözlənilir. Bu barədə ONA-ya SOCAR-da olan mənbə bildirib.
Mənbənin sözlərinə görə, 2022-ci ildə sözügedən ölçü sisteminin uzun müddət istismar olunduğunu nəzərə alaraq, bu sahədə modernləşdirmə işlərinin aparılmasına ehtiyac yaranıb.
Bundan başqa, mənbə əlavə edib ki, SOCAR-ın Neft Kəmərləri İdarəsində Rusiya Federasiyasının "Transneft" sirkətinin nümayəndələri ilə görüş keçirilib. Görüş zamanı tərəflər bu ölçü sistemində işlərin aparılması məsələsi də müzakirə olunub.
SOCAR-ın məlumatına əsasən, Şimal istiqamətində çəkilən Bakı-Novorossiysk neft kəmərinin uzunluğu 1 330 kilometrdir. Boru kəmərinin diametri 530 mm-dir. SOCAR kəmərin 231 km uzunluğunda olan Azərbaycan ərazisi ilə keçən hissəsinin operatorudur. Borunun neftlə doldurulmasına 1996-cı ilin oktyabrında başlanılıb. Kəmərin gündəlik maksimal ötürmə qabiliyyəti 105 min bareldir.