SOCAR Bakı-Novorossiysk (şimal istiqamətində) kəmərində aparılan təmir işləri davam etdirilir. Bu barədə ONA-ya SOCAR-da olan mənbə söyləyib.
Onun sözlərinə görə, kəmər üzərində təmir işləri davam etdirilir və bu istiqamət üzrə neftin nəqli nə zaman bərpa olunacağı hələ müəyyənləşməyib.
Qeyd edək ki, SOCAR Bakı-Novorossiysk istiqaməti üzrə neftin nəqlini bu ilin mart ayında dayandırıb, bu da kəmərdə planlaşdırılmış təmir və nəzarət işlərinin aparılması ilə əlaqədardır.
“Hazırda Bakı-Novorossiysk üçün nəzərdə tutulan neft Bakı-Tbilisi-Ceyhan ixrac boru kəməri ilə nəql edilir”, - deyə mənbə qeyd edib.
Ötən il SOCAR Bakı-Novorossiysk boru kəməri ilə təxminən 1,3 mln. ton neft nəql edib. 2017-ci ildə bu göstərici 1,5 mln. ton təşkil edib. Bundan öncə bildirildi ki, 2019-cu ildə Bakı-Novorossiysk boru kəmərinin 1,5 mln. ton neft ixrac etməsi planlaşdırılır.
Bakı-Novorossiysk boru kəmərinin uzunluğu 1,147 kilometrdir: Azərbaycan hissəsinin uzunluğu 231 kilometr, Rusiya hissəsinin uzunluğu isə 916 kilometrdir.