Azərbaycan İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu sahibkarların maarifləndirilməsi, sahibkarlıq fəaliyyətinin təşviqi və sahibkarlıq subyektlərinin investisiya layihələrinin maliyyələşdirilməsini davam etdirir.
Nazirlikdən ONA-ya verilən məlumata görə, bu istiqamətdə növbəti tədbir Xəzər rayonunun Mərdəkan qəsəbəsində keçirilib. Forumda çıxış edən İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov qeyd edib ki, indiyədək Bakı şəhəri, həmçinin onun kənd və qəsəbələrində faəliyyət göstərən sahibkarlıq subyektlərinin 2 500-dən çox investisiya layihəsinin maliyyələşdirilməsinə 600 mln. manat güzəştli kredit verilib.
Hazırda sahibkarlığın güzətli qaydada maliyyələşdirilməsinin davam etdirildiyini vurğulayan nazir müavini bildirib ki, respublika üzrə bu ilin ötən dövründə investisiya dəyəri 145,7 mln. manat olan 215 investisiya layihəsinin maliyyələşdirilməsinə 33,7 mln. manat güzəştli kredit ayrılıb.
İşgüzar forumda Bakı qəsəbələrində fəaliyyət göstərən sahibkarlara 10,7 milyon manat güzəştli kredit verilib. Bu güzəştli kreditlər heyvandarlıq, quşçuluq, müasir istixana kompleksinin yaradılması və s. sahələrə yönəldiləcək və investisiya layihələrinin reallaşdırılması 300-dək yeni iş yerinin açılmasına imkan yaradacaq.
Forum çərçivəsində Xəzər rayonunun Zirə qəsəbəsində İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun xətti ilə verilmiş güzəştli kreditlərdən istifadə etməklə yaradılmış müasir istixana kompleksinə baxış keçirilib.
Ümumilikdə, indiyədək 409 hektar ərazidə 69 müasir istixana kompleksinin yaradılmasına 248,4 mln. manat güzəştli kredit verilib. Dövlətin maliyyə dəstəyi ilə müasir istixanaların yaradılması tərəvəz məhsulları istehsalının və ixracının artırılması imkanlarını daha da genişləndirir.