Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi mərkəzi icra hakimiyyəti orqanlarının yanında olan dövlət agentliklərinin və dövlət xidmətlərinin statusuna bərabər sayılan icra hakimiyyəti orqanı olacaq.
ONA-nın məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla təsdiqlənən Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi haqqında Əsasnamədə əksini tapıb.
Əsasnamədə qeyd edilib ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi Bakı şəhərinin inzibati ərazisində tikinti obyektlərinin tikintisinə və istismarına icazə verən, tikintiyə icazə üçün müraciət edilməzdən əvvəl aparılacaq tikintinin icazə verilən parametrləri barədə müraciətlərə baxan, tikinti məqsədləri üçün torpaq sahəsi ayrılarkən həyata keçirilməsi nəzərdə tutulan tikinti niyyətinin müvafiq ərazinin şəhərsalma sənədlərinə uyğunluğunu yoxlayan, səyyar və əsaslı tikinti olmayan obyektlərin, xırda pərakəndə ticarət obyektlərinin və komplekslərinin uyğunluğuna dair rəy verən, şəhərsalma kadastrının aparılmasını təmin edən, habelə Əsasnamədə nəzərdə tutulmuş digər sahələrdə fəaliyyət göstərən, statusu mərkəzi icra hakimiyyəti orqanlarının yanında olan dövlət agentliklərinin və dövlət xidmətlərinin statusuna bərabər sayılan icra hakimiyyəti orqanıdır.
Baş İdarə rəisinin Komitənin sədri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən birinci müavini və bir müavini olacaq. Baş İdarə rəisinin birinci müavini vəzifəsinə görə Bakı şəhərinin baş memarıdır.
Baş İdarənin vəzifələri aşağıdakılardır:
- dövlət proqramlarının həyata keçirilməsində iştirak etmək;
- müvafiq sahə üzrə qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla elmi-texniki nailiyyətlərin tətbiqində iştirak etmək;
- məskunlaşma sisteminin təhlükəli təbii proseslərdən və hadisələrdən mühafizəsi üçün tədbirlər hazırlanmasında iştirak etmək;
- tikilməkdə və istismarda olan bina və qurğularda qəza vəziyyəti yarandığı hallarda onun səbəblərinin araşdırılması və bərpa işləri üçün tədbirlərin hazırlanmasında iştirak etmək;
- müəyyən edilmiş qaydada şəhərsalma kadastrını aparmaq;
- şəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya təminatı sisteminin işinin təmin edilməsində iştirak etmək;
- müəyyən edilmiş qaydada respublika səviyyəsində dövlət şəhərsalma nəzarətinin Komitə tərəfindən həyata keçirilməsində iştirak etmək;
- müvafiq sahədə Komitənin strukturuna daxil olan digər qurumlara, yerli icra hakimiyyəti və özünüidarəetmə orqanlarına metodiki kömək göstərmək;
- müvafiq sahənin inkişafını kompleks təhlil etmək və onun davamlı inkişafını təmin etmək üçün təkliflər hazırlamaq;
- müvafiq sahəyə ayrılan büdcə vəsaiti, kreditlərdən, qrantlardan və digər maliyyə vəsaitindən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək;
- dövlət sirrinin və məxfilik rejiminin qorunması üçün qanunvericiliklə müəyyən edilmiş tədbirlər, habelə fəaliyyət istiqamətlərinə uyğun təhlükəsizlik tədbirləri görmək;
- öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, internet saytının yaradılmasını, malik olduğu və siyahısı qanunvericiliklə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın daim yenilənməsini təmin etmək;
- Baş İdarənin strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində tədbirlər görmək;
- Baş İdarənin fəaliyyəti ilə bağlı ərizə və şikayətlərə baxmaq və qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirlər görmək;
-səyyar və əsaslı tikinti olmayan obyektlərin, o cümlədən əsaslı tikinti olmayan xırda pərakəndə ticarət obyektləri və komplekslərinin yerləşdirilməsi və quraşdırılmasına rəy vermək;
- tikinti obyektinin tikintisinə və istismarına icazə vermək, habelə bununla bağı Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq hüquqi hərəkətləri yerinə yetirmək;
- tikinti obyektlərinin sifarişçilərinin sorğuları əsasında tikintiyə icazə üçün müraciət etməzdən əvvəl tikinti aparmaq istədiyi ərazidə aparılacaq tikintinin icazə verilən parametrlərini (ərazinin tikinti əmsalı, ərazinin tikinti sıxlığı əmsalı, tikinti obyektlərinin hündürlüyü və s.) obyektin təyinatını göstərməklə təqdim etmək;
- fəaliyyət istiqamətlərinə uyğun olaraq, qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.