• İQTİSADİYYAT

    17:02 11 aprel 2019

Bakı-Tbilisi-Qars dəmir yolunda istifadə olunan qatarların təmiri Azərbaycanda təşkil oluna bilər

Bakı-Tbilisi-Qars dəmir yolunda istifadədə olunan qatarların texniki baxışı, təmiri və müəyyən vaqonların istehsalı Sumqayıt Texnologiyalar Parkı (STP) tərəfindən aparıla bilər. Bunu ONA-ya STP-nin ictimaiyyətlə əlaqələr üzrə meneceri Rəşad Əliyev deyib.

Onun sözlərinə görə, qeyd olunan məsələ ilə bağlı təklif ölkə rəhbərliyinə təqdim olunub.

“Sözügedən təklif müsbət qarşılansa bu istiqamətdə biz Rusiyanın ən böyük dəmiryolu mühəndisliyi şirkəti olan “Transmashholding”lə əməkdaşlığı inkişaf etdirə bilərik. Hətta perspektivdə STP bu sahədə “Bakı Metropolitenin” də müvafiq işlərini öz üzərinə götürə bilər”, - deyə R. Əliyev qeyd edib.

Qeyd edək ki, cari ilin aprelin 4-də STP ilə Rusiyanın “Transmashholding” şirkəti arasında əməkdaşlığa dair saziş imzalanıb. Sənəd mürəkkəb mexanizm detallarının hazırlanması, istehsalı və təchizatı sahəsində qarşılıqlı əməkdaşlıq əlaqələrinin inkişafını və müasir texnoloji həllərin tətbiqini nəzərdə tutur.

Hüseyn

Teqlər:

SON XƏBƏRLƏR