Türkiyə tərəfi bu ilin avqust ayında Bakı-Tbilis-Qars dəmir yolu xəttində fəaliyyətə başlayacaq Bakı-Ankara-Bakı sərnişin qatarının biletlərinin qiymətinə dair Azərbaycan tərəfinə təklifini təqdim edib.
Bunu ONA-ya “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Sevinc Qədirova bildirib.
S. Qədirova deyib ki, Türkiyə tərəfi qiymətlərin vaqonların kateqoriyasından asılı olaraq adambaşına 350-800 lirə (97- 220 manat) arasında olmasını təklif edib: “Azərbaycan tərəfi hazırda bu təklifə baxır. Hələ ki, bu məsələ ilə bağlı razılaşma yoxdur. Yaxın vaxtlarda qiymətlərə dair birgə razılıq əldə olunacaq və bu, ictimaiyyətə açıqlanacaq”.
Qeyd edək ki, Bakı-Ankara-Bakı marşrutunda sərnişinlər Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin İsveçrənin “Stadler” şirkətindən aldığı vaqonlar vasitəsi ilə daşınacaq.
***
18.14
Bakı-Tiflis-Qars (BTQ) sərnişin qatarı bu ilin avqustunda istifadəyə veriləcək.
ONA-nın "railturkey"ə istinadən verdiyi xəbərə görə, ötən ayın sonunda Azərbaycan və Türkiyə Dövlət Dəmir Yolları idarələri arasında bununla bağlı razılaşma əldə edilib.
Razılaşmaya əsasən, 10 vaqondan ibarət qatar həftədə 1 dəfə Azərbaycandan Türkiyəyə və əks istiqamətdə hərəkət edəcək. Gələm ildən qarşılıqlı səfərlərin sayı həftədə 2 dəfəyə çıxacaq.
Bakıdan Qarsadək səfər müddəti 40 saatdır. Əvvəlcədən bunun 38 saat olacağı bildirilsə də, sərhədlərdən keçərkən yoxlamaların aparılmasına görə bu müddət 2 saat uzanacaq.
Qatara biletlərin qiyməti 97-220 manat arasında dəyişəcək. Bu, avtobus qiymətlərindən yuxarı, təyyarə qiymətlərindən aşağıdır.
Qatarda 53 ekonom, 4 ailə, 8 lüks kabinet, restoran var. Səfər müddətində sərnişinlərə yemək Azərbaycan Dəmir Yolları tərəfindən veriləcək.