Bakıda 18-ci Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər sərgisi (“AITF 2019”) başlayıb.
ONA-nın məlumatına görə, “Bütün dünya. Bir sərgi” şüarı altında keçirilən “AITF 2019” sərgisində dünyanın 17 ölkəsindən 189 şirkət və təşkilat iştirak edir. Sərgi aprelin 8-nə qədər davam edəcək.
Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər sərgisi Dövlət Turizm Agentliyi və Milli Turizm Təbliğat Bürosunun fəal dəstəyi və iştirakı ilə keçirilir. Belarus, Bolqarıstan, Çex Respublikası, Çin, Dominikan Respublikası, Gürcüstan, İtaliya, Mərakeş, Tailand və Türkiyənin milli qrupları öz ölkələrinin milli turizm büroları və səfirlikləri tərəfindən göstərilən dəstək sayəsində sərgidə iştirak edir. Roqaşka Stalina (Sloveniya), Stavropol Regionu (Rusiya), Odessa, Truskavets və Lvovun kollektiv stendi (Ukrayna), İzmir (Türkiyə) regionları sərgidə regional stendlə çıxış edirlər. İranın Maku Azad Ticarət zonası isə sərgidə regional stendlə debüt edir.
Sərgidə Azərbaycanın stendi də təqdim olunur. Burada şəhər və regionlarda dincəlmək istəyənlər, eləcə də təbiətsevərlər və fəal istirahət həvəskarları maraqlı təkliflər ilə tanış ola biləcəklər.
Azərbaycan Dövlət Turizm Agentliyinin mətbuat xidmətinin rəhbəri Kənan Quluzadə bildirib ki, Agentlik olaraq Azərbaycan turizminin pozitiv, effektiv inkişafına dəstək və xeyir verən bütün tədbirləri dəstəkləyir: “AITF 2019” sərgisi də bunlardandır. Bu sərgidə xarici və yerli şirkətlər iştirak edir. Azərbaycan turizminin yeni inkişaf konsepsiyasına görə, formalaşan turizm sənayesi qarşısında yeni çağırışlar var. Bu səbəbdən biz onlarla öz istək və ideyalarımızı bölüşmək istərdik ki, sərgi bu yeni çağırış və konsepsiyalara uyğun olaraq fəaliyyətini qursun. Çünki əsas məqsədimiz Azərbaycana turist gətirməkdir. Keçirilən sərgi daha çox Azərbaycandan gedən turizm üzərində qurulub. Yaxşı olardı ki, gələcəkdə daha çox effektiv olmaq üçün gəlmə turizmi də sərgidə yer alsın. Həm azərbaycanlı turistlərin sayı artsın, həm də ki, bu sahədə ölkəmizə daha çox gəlir gətirilsin”.
Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyanın sədri Ruslan Quliyev isə bildirib ki, ənənəvi 18-ci Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər sərgisi Cənubi Qafqazın ən böyük turizm sərgilərindən biridir: “Bu sərgi yeni ölkələrin və şirkətlərin bura qatılması yenilikləri ilə yadda qalır. Bu da ondan xəbər verir ki, Azərbaycan artıq yeni bir turizm ölkəsi kimi tanınır. Biz kəmiyyətdən çox, keyfiyyət göstəricilərinə önəm veririk”.
Sərgidə ilk dəfədir iştirak edən “Libraff” mağazalar şəbəkəsinin piar və marketinq direktoru Məhəbbət Əsədova deyib ki, hazırda Bakı şəhərində 8, Gəncədə 1 mağazaları var: “Sərgidə iştirak etməyimizin iki səbəbi var. Birincisi, turistik kitablarımızı nümayiş eləmək istəyirik. Çünki mağazamızda 3-4 dildə turistlik kitablarımız var. İkincisi isə, bildiyimiz kimi, bu il “Nəsimi ili”dir, ona görə də Nəsimiyə aid 3 dildə kitablarımızı da sərgidə nümayiş edirik”.
Əvvəlki illərdə olduğu kimi, bu il də “AITF 2019” sərgisində təhsil turizmi, idman turizmi, turizm sahəsində informasiya texnologiyaları, ov və balıqçılıq və bir sıra digər sektorlar təqdim olunur.
Bu il tədbirdə debüt edən Azərbaycan Turizm Bürosu Azərbaycanın yenilənmiş turizm brendini öz stendində təqdim edir.
Ərdəbil Turizm, Əl İşləri və Mədəni İrs Təşkilatının rəhbəri Nadir Fəllahi Ərdəbil Turizm Şirkətinin 3-cü dəfədir bu sərgidə iştirak etdiyini deyib: “Biz çalışdıq ki, sərgidə Ərdəbilin tarixi, təbii potensialını nümayiş etdirək. Ərdəbil çox gözəl şəhərdir və bizim çoxlu görkəmli yerlərimiz vardır. Dünyada daha çox mineral və termal sular, Şah İsmayıl Xətainin məzarı, Şeyx Səfiəddinin məqbərəsi Ərdəbildədir. Qış turizmi və xizək də burda məşhurdur. İstədik bu sərgidə bütün bunları Azərbaycana çatdıraq”.
Azərbaycanla Ərdəbil əyalətinin yaxşı əlaqələrinin olduğunu deyən Nadir Fəllahinin sözlərinə görə, əməkdaşlığın artması üçün Azərbaycanda danışıqlar olub: “Biz Turizm Nazirliyi ilə danışıqlardan sonra qərara gəldik ki, Azərbaycana Avropadan gələn turistlər Ərdəbilə gəlsin, Ərdəbilə gələn turistləri isə Azərbaycana yollayaq. Azərbaycan və İran, Ərdəbil vilayəti turizm sahəsində birləşsinlər”.
Sərgidə öz şirkəti ilə təmsil olunan turizm sektorunun nümayəndəsi Oktay Xankişiyev mütəmadi olaraq turizm sərgilərində iştirak etdiyini deyib: “Bu sərgidə isə ardıcıl olaraq 2005-ci ildən iştirak edirik. Bu il yeni məhsullarla bazara çıxmışıq. Azərbaycan kurort məkanını MDB məkanında təqdim etməyi planlaşdırırıq. Yeni istiqamətlər olaraq Azərbaycanın görünməyən məkanlarını və büdcə olan layihələrini beynəlxalq bazara çıxartmağı planlamışıq”.
“AITF 2019” sərgisinin iştirakçıları üç gün ərzində öz təklifləri ilə yay və qış turizm mövsümlərini əhatə etməklə turizm xidmətlərinin bütün spektrini nümayiş etdirəcəklər. Sərginin çərçivəsində müxtəlif görüşlər, seminarlar və təqdimatlar təşkil ediləcək.