Aprelin 22-25-də Bakıda SOCAR-ın dəstəyi, Bakı Ali Neft Məktəbinin (BANM) və Böyük Britaniyanın “Confidence Capital Ltd” şirkətinin birgə təşkilatçılığı ilə 4-cü SOCAR Beynəlxalq “DOWNSTREAM Xəzər və Mərkəzi Asiya: Neft Emalı, Neft-kimya, Ticarət, Logistika” forumu keçiriləcək.
Bakı Ali Neft Məktəbindən ONA-ya verilən məlumata görə, forumun məqsədi Xəzər və Mərkəzi Asiya regionunda karbohidrogen ehtiyatlarının ticarəti və satışı məsələləri üzrə ən son tendensiyalar və inkişaf perspektivlərinin təhlil edilməsidir. Tədbir neft-qaz sənayesinin inkişafının əsas istiqamətləri haqqında strateji qərarlar vermək və gündəlik əməliyyatlar aparmaq üçün praktiki informasiyaların əldə edilməsinə imkan yaradan unikal platformadır.
Forumda Azərbaycanın dövlət nümayəndələri, SOCAR-ın rəhbər heyəti və struktur bölmələrinin rəhbərləri və bir çox ölkənin sahə nazirliklərinin və transmilli neft-qaz şirkətlərinin rəhbər nümayəndələrinin iştirakı gözlənilir.
İştirakçılar ilk dəfə olaraq 2018-ci ildə istismara verilən SOCAR-ın Karbamid Zavoduna, Sumqayıtda yerləşən SOCAR Polimer müəssisəsinə, həmçinin Səngəçal terminalına səfər edəcəklər.
Qeyd edək ki, hər il forumda böyük neft-qaz şirkətləri, neft emalı zavodları, ticarət şirkətləri, limanlar, terminallar, banklar və analitik agentliklərdən 300-dən çox rəhbər işçi və aparıcı mütəxəssislər iştirak edir. Yalnız ötən il Forumda iştirak üçün dünyanın 30-yaxın ölkəsinin neft-qaz sektorunun aparıcı müəssisələrinin rəhbər nümayəndələrindən ibarət 230-a yaxın iştirakçı qatılıb.