Bu ilin I rübü ərzində uzunluğu 44,4 km respublika və yerli əhəmiyyətli avtomobil yolları, həmçinin 48,4 km Bakı şəhəri və paytaxt qəsəbələrinin avtomobil yolları, prospekt və küçələri tikilib, yenidən qurulub və təmir olunub.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən ONA-ya verilən məlumata görə, cari ilin 1-ci rübü ərzində həmçinin 1 yeni körpü tikilib, 5 körpü və 1 yeraltı piyada keçidi isə təmir olunub.
Bu ilin dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşundan kəndlərarası və Bakı şəhərinin qəsəbələrarası avtomobil yollarının tikintisi məqsədilə Agentliyə ayrılmış vəsait hesabına 50 layihənin icrası davam etdirilir. Bunlardan 11 layihə Bakı şəhərinin qəsəbələrarası avtomobil yollarına 39 layihə isə ölkə üzrə kəndlərarası avtomobil yollarına aiddir.
Daxili İnvestisiya və xarici kreditlər hesabına isə hazırda 5 respublika əhəmiyyətli avtomobil yolu yenidən qurulur, 1 yeni magistral yol inşa edilir, həmçinin 4 magistral avtomobil yolunun müəyyən hissələrinin yenidən qurulması, genişləndirilməsi və bərpası işləri aparılır, Rusiya ilə sərhəddə yerləşən Samur çayı üzərində yeni avtomobil körpüsü inşa edilir.
2019-cu ilin I rübü ərzində Xəzər rayonu Buzovna-Mərdəkan-Qala avtomobil yolunun 5,4 kilometrlik Mərdəkan-Qala hissəsinin tikintidən sonra, uzunluğu 20,5 km olan Mingəçevir-Stansiya Mingəçevir-Bəhramtəpə (137 km) - Beyləqan avtomobil yolu, həmçinin uzunluğu 39,4 km olan Kəbirli-Eyvazalılar-Birinci Aşıqlı-Əlinəzərli avtomobil yolu istifadəyə verilib.