Bakıda İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) təşkilatçılığı ilə Azərbaycan-Çexiya biznes forumu keçirilib. Tədbirdə hər iki tərəfdən rəsmi şəxslərlə yanaşı, maliyyə, nəqliyyat və logistika, təhsil. İKT, təsərrüfatı, energetika və s. sahələrdə fəaliyyət göstərən 100-ə yaxın iş adamı iştirak edib.
ONA-nın məlumatına görə, biznes forumda İqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov Azərbaycan-Çexiya əlaqələrini yüksək səviyyədə olduğunu, əməkdaşlığın bütün sahələrdə inkişaf etdiyini diqqətə çatdırıb. 2018-ci ildə ölkələrimiz arasında ticarət dövriyyəsi 57% artaraq 1 milyard dolları keçib. Çex şirkətləri Azərbaycanda ümumi dəyəri 2,8 mlrd. dollardan çox olan dövlət layihələrinə podratçı qismində cəlb ediliblər. Qeyd olunub ki, ölkələrimiz arasında birgə müəssisələrin yaradılması və müxtəlif sahələrdə, o cümlədən, sənaye, kənd təsərrüfatı, energetika, kimya, nəqliyyat, turizm, İKT, ekologiya və s. sahələrdə təcrübə mübadiləsinin aparılması üçün geniş imkanlar var. Ölkələrimiz arasında qarşılıqlı investisiya qoyuluşu sahəsində uğurlu əməkdaşlıq edilir.
Vurğulanıb ki, Azərbaycan həm ikitərəfli, həm də Avropa İttifaqı ilə əməkdaşlıq çərçivəsində Çexiya ilə münasibətlərin inkişafına böyük önəm verir. Avropa İttifaqı ölkəmizin əsas xarici ticarət tərəfdaşıdır. 2018-ci ildə İttifaq ölkələri ilə ticarət dövriyyəsi 13 milyard dollara çatıb və Avropa İttifaqının Azərbaycanın xarici ticarətində payı 42% təşkil edir. Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır.
Nazir müavini bildirib ki, "Avropa İttifaqının işgüzar mühiti haqqında hesabat: Azərbaycan 2018". Azərbaycanda fəaliyyət göstərən Avropa İttifaqı şirkətlərinin rəyləri” adlı sənəddə siyasi sabitliyin Azərbaycanda işgüzar mühitin beş ən yaxşı göstəricisindən biri olduğu qeyd edilib. Bundan başqa, “Doing Business 2019” hesabatında Azərbaycanın 32 pillə irəliləyərək 190 ölkə arasında 25-ci yerdə qərarlaşıb və 10 ən islahatçı ölkə sırasına daxil edilib.
Dövlət başçısının rəhbərliyi ilə ölkəmizdə aparılan uğurlu iqtisadi islahatlar barədə məlumat verən nazir müavini Rüfət Məmmədov qeyd edib ki, ötən dövrdə sahibkarlığa dövlət dəstəyi mexanizmləri təkmilləşdirilib, sahibkarlıq fəaliyyətinin qeydiyyatı qaydaları əhəmiyyətli dərəcədə sadələşdirilib və dövlət elektron xidmətlərinin əhatə dairəsi genişləndirilib. Vurğulanıb ki, Cənubi Qafqazın ÜDM-nin 60%-dən çoxu Azərbaycanın payına düşür.
Nazir müavini bildirib ki, iqtisadi-ticarət əlaqələrinin inkişafı baxımından işgüzar dairələr arasında əməkdaşlığın genişləndirilməsi mühüm əhəmiyyət kəsb edir və bu istiqamətdə biznes forum, işgüzar görüş və sərgilərin keçirilməsi önəmlidir. Bugünkü biznes forum bu sahədə öz töhfəsini verəcəkdir.
Çexiya Parlamentinin Deputatlar Palatasının sədri Radik Vondraçek Azərbaycana səfərindən məmnunluğunu bildirib, Azərbaycanın uğurlu inkişaf yolundan məmnunluğunu ifadə edib. Azərbaycanın Çexiyanın ənənəvi tərəfdaşı olduğunu qeyd edən Radik Vondraçek ölkəsinin Azərbaycanla əlaqələrin inkişafında, qarşılıqlı iqtisadi-ticarət, maliyyə və digər sahələrdə əlaqələrin genişləndirilməsində maraqlı olduğunu, ölkələrimiz arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialı diqqətə çatdırıb.
Sonra Azpromo-nun əməkdaşı Zöhrab Qədirov və Çexiya Sənayeçilər İttifaqının prezidenti Yaroslav Qanak müvafiq olaraq Azərbaycan və Çexiyanın biznes və investisiya imkanlarına, Çexiyanın Ticarət-Sənaye Palatasının MDB ölkələri üzrə rəhbəri Frantişek Masopust çex şirkətləri ilə əməkdaşlıq potensialına, Çexiya Sənayeçilər İttifaqının meneceri Tomaş Qodaç isə çex sənaye şirkətlərinin fəaliyyət istiqamətlərinə dair təqdimatlarla çıxış ediblər.
Biznes forum çərçivəsində iş adamları arasında ikitərəfli görüşlər keçirilib, işgüzar əlaqələrin genişləndirilməsi imkanları müzakirə olunub.