Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən bu gün Bakıda növbəti hərrac təşkil olunub. Komitədən ONA-ya verilən məlumata görə, budəfəki hərracda səhmdar cəmiyyəti, kiçik dövlət müəssisələri və qeyri-yaşayış sahələri özəlləşdirilib.
Hərraca çıxarılan paytaxtın Nəsimi rayonu, Bakıxanov küçəsində yerləşən, ümumi faydalı sahəsi 96,6 kv.m olan obyekt üçün ilkin hərrac qiyməti 25 min manat təyin olunmuşdur. Hərrac üzrə qalib şəxs bu obyekti 75 min manata özəlləşdirib.
Digər qeyri-yaşayış sahəsi Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsində yerləşir. Ümumi faydalı sahəsi 49.2 kv.m olan obyektin ilkin hərrac qiyməti 9 750 manat təyin olunub. Hərrac iştirakçılarından biri 32 min manat təklif edərək bu qeyri-yaşayış sahəsini özəlləşdirib.
Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-1 qəsəbəsindəki "Material Təchizat" adlı səhmdar cəmiyyətinin nizamnamə kapitalının 43%-lik səhm paketi investor tərəfindən özəlləşdirildi. Dövlət müəssisəsinin fəaliyyət sahəsinə təchizat, ticarət və məişət üzrə xidmətlər aiddir. Ümumi torpaq sahəsi 8.8 min kv.m olan səhmdar cəmiyyətinin ərazisində inzibati bina, gözətçi binası, anbar və digər binalar var.
Hərracda özəlləşdirilən kiçik dövlət müəssisələrinə ticarət obyektləri aiddir. Belə ki, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Nəsrulla Əsgərov küçəsində yerləşən 46 saylı mağazanın ümumi faydalı sahəsi 85.4 kv.m-dir. Ticarət və digər xidmət obyekti kimi istifadəyə imkan verən əmlakı iştirakçı 6 750 manata özəlləşdirib.
Növbəti hərrac 23 aprel tarixində keçiriləcək. Özəlləşdirmə prosesinə ümumilikdə 59 dövlət əmlakı çıxarılacaq. Onlardan 43-ü kiçik dövlət müəssisə və obyekti, 14-ü qeyri-yaşayış sahəsi, 2-si isə yarımçıq tikilidir.
Kiçik dövlət müəssisələrinin ümumi faydalı sahəsi 4 kv.m ilə 2095 kv.m arasındadır. Hərraca çıxarılan bu növ dövlət əmlakları sənaye, inşaat, xidmət və digər sahələrə aiddir. Qeyri-yaşayış sahələrinin ümumi faydalı sahəsi 12.5 kv.m ilə 213.7 kv.m arasındadır. Xidmət və ofis obyekti kimi istifadəyə imkan verən bu dövlət əmlaklarından 7-si Bakıda, 4-ü Sumqayıtda, digərləri isə Bərdə, Daşkəsən və Sabirabadda yerləşir.
Hərraca çıxarılan hər bir dövlət əmlakı barədə ətraflı məlumatı emdk.gov.az və privatization.az saytlarından əldə etmək olar.