• İQTİSADİYYAT

    12:53 17 aprel 2019

"Mott MacDonald": Bakıda hər il 1,5 mln. ton tullantı yaranır

Bakıda hər il təxminən 1,5 mln. ton tullantı yaranır və bu rəqəm şəhər genişlənib inkişaf etdikcə daha da artacaq. ONA-nın məlumatına görə, bunu Bakı şəhərində bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsinin idarə olunması konsepsiyasının təqdimatında "Mott MacDonald" şirkətinin səlahiyyətli nümayəndəsi Martin Saymon deyib.

Onun sözlərinə görə, tullantıların düzgün yığılması, emalı və çeşidlənməsi vacib şərtdir.

“Tullantıların çoxu şəhərkənarı poliqonlara aparılır. Buna baxmayaraq, tullantıların Balaxanıda yerləşən tullantı çeşidlənməsi və onlardan enerji əldə etmə zavodlarına göndərilməsi ilə bu işdə inkişaf əldə edilib. Bizim ilkin araşdırmalarımız onu göstərdi ki, Bakıda tullantı menecmenti sistemini təkmilləşdirmək vacibdir ki, bu böyüyən və inkişaf edən şəhəri müasir xidmətlərlə təmin etsin, həm ətraf mühitə, həm də iqtisadi inkişafa müsbət təsir göstərsin”, - deyə M. Saymon bildirib.

Şirkət rəsmisi onu da qeyd edib ki, "Mott MacDonald" yeni tullantı konteynerləri və nəqliyyat vasitələri daxil olmaqla, yeni tullantı yığılması sistemlərini tətbiq edəcək ki, bu da böyük miqdarda tullantıların poliqondan kənarlaşdırılmasına kömək edəcək.

“Yeni pilot araşdırmaların bir hissəsi kimi, tullantı araşdırmaları keçirmək zəruri məsələdir. Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən yaradılmışdır Monitorinq Mərkəzi bu günə qədər gördüyüm ən mükəmməl müəssisələrdən biridir və bizə işimizi daha yaxşı yerinə yetirməyə kömək edir. İlkin araşdırmalar üçün Nərimanov rayonu seçilib. Belə ki, bu rayon həm şəhərin mərkəzində yerləşir, həm də şəhər kənarı əraziləri də əhatə edir. Buna görə də, Nərimanov rayonu ümumilikdə Bakı şəhərini təmsil edən ərazi kimi sınaqlar üçün münasib rayon kimi seçilib”,- deyə . M. Saymon qeyd edib.

Şirkət 20-30%-lik tullantı diversiyası əldə etməyi hədəfə tutub. M. Saymonun sözlərinə görə, layihə uğurla nəticələnəcəyi halda ətraf mühit üçün böyük müsbət təsirlər, həm də Bakı şəhəri üçün iqtisadi faydalar verəcək, regiondakı digər şəhərlər üçün də gələcəkdə başlanğıc nöqtəsi olacaq.

Hüseyn

Teqlər:

SON XƏBƏRLƏR