Mayın 29-da "İnnovasiya Festivalı" çərçivəsində Bakıda Şərq Tərəfdaşlığı ölkələrinin "Rəqəmli bazarların uyğunlaşdırılması" (HDM) təşəbbüsü çərçivəsində 4-cü "ICT innovation and startup ecosystems" istiqaməti üzrə növbəti seminar işə başlayıb.
ONA-nın məlumatına görə, seminarda Avropa Komissiyasının, Azərbaycan, Gürcüstan, Moldova, Ukrayna, Belarus respublikalarının nümayəndələri və xarici ekspertlər iştirak ediblər.
İki gün davam edəcək seminar çərçivəsində iştirakçı ölkələrdə innovasiya və startap ekosistemlərinin formalaşdırılması istiqamətində görülmüş işlər müzakirə olunub, ekspertlər tərəfindən Avropada həyata keçirilən ən yaxşı təcrübələr barədə məlumat verilib.
Eyni zamanda, 2019-2021 ci illər üçün Şərq tərəfdaşlığı ölkələrinin "ICT innovation and startup ecosystems" istiqamətində birgə həyata keçirəcəyi layihələr müzakirə edilib.
Qeyd edək ki, 2014-cü ildən Avropa İttifaqının Şərq Tərəfdaşlığı Proqramının "İqtisadi inteqrasiya və Avropa İttifaqı siyasətinə uyğunlaşma" platforması çərçivəsində HDM təşəbbüsü həyata keçirilir. HDM təşəbbüsün məqsədi vahid rəqəmli bazarın üstünlüklərindən Şərq tərəfdaşlığı ölkələrinə genişləndirməklə bu ölkələrdə rəqəmli iqtisadiyyatın və cəmiyyətin inkişafına dəstək verilməsidir. Azərbaycanı bu təşəbbüsdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi təmsil edir.