• İQTİSADİYYAT

    11:23 16 may 2019

Bakıda keçirilən "Maliyyə və Texnologiyalar Sammiti"ndə Anlaşma Memorandumu imzalanıb

Bakıda “Maliyyə və Texnologiyalar Sammiti” keçirilir.

ONA-nın məlumatına görə, sammitdə çıxış edən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə deyib ki, bu gün Azərbaycan yeni inkişaf mərhələsindədir.

Nazir bildirib ki, süni intellekt və digər müasir texnologiyaların tətbiqi ilə bağlı yeni mexanizmlər formalaşdırılır: “Artıq Azərbaycanda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə blokçeynlə bağlı işlər görülür. Blokçeyn əməliyyatının üstünlükləri real tələblərə zamanında cavab verilməsidir. Maliyyə texnologiyalarının inkişafında startaplar mühüm rol oynayır”.

Tədbirdə çıxış edən Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti sədrinin birinci müavini Alim Quliyev bildirib ki, 2018-ci ilin sonuna dünyada “fintex”lərə qoyulan sərmayələrin miqdarı 2018-ci ilin sonuna 30,8 milyard dollara çatıb: “Müvafiq Dövlət Proqramı çərçivəsində bu həftə “Maliyyə və rəqəmsal texnologiyalar həftəsi” elan olunub”.

Öz növbəsində Maliyyə Bazarlarına Nəzarət Palatası İdarə Heyətinin sədri vəzifəsini icra edən İbrahim Alışov qeyd edib ki, bu ilin birinci rübündə qeyri-neft sektorunda artım 16,2%, inflyasiya isə 2,1% olub.

Tədbirdə çıxış edən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin direktoru Vüsal Qasımlı nəzərə çatdırıb ki, problemli kreditlərlə bağlı 1 mlrd. manatdan artıq vəsait kommersiya banklarına ötürülüb: “İnanırıq ki, bu vəsaitlər daha çox real sektorun kreditləşdirilməsinə və iqtisadi inkişafa töhfə verəcək”.

V. Qasımlı maliyyə texnologiyaları xərcləri ənənəvi bankçılıqla müqayisədə xərcləri 30%-dək aşağı salır: “Bulud, “fintex” texnologiyaları ilə bağlı Azərbaycanda ciddi imkanlar var. Əgər bu sahəyə önəm verməsək, rəqabət mühitində ciddi şəkildə uduza bilərik”.

Tədbir çərçivəsində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Mərkəzi Bankı, Maliyyə Bazarlarına Nəzarət Palatası, “Azərbaycan Banklar Assosiasiyası” İctimai Birliyi, İqtisadi İslahatlar və Kommunikasiya Mərkəzi arasında Anlaşma Memorandumu imzalanıb. Memorandumu nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə, sədr müavini Alim Quliyev, İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edən İbrahim Alışov, sədr Zakir Nuriyev və icraçı direktor Vüsal Qasımlı imzalayıblar.

Tədbir məruzələrlə davam edib.

Ramiz

Teqlər:

SON XƏBƏRLƏR