• İQTİSADİYYAT

    10:34 4 mart 2019

Bakıda "Kibertəhlükəsizlik həftəsi" keçiriləcək

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Azərbaycanda ilk dəfə olaraq 11-15 mart 2019-cu ildə beynəlxalq "Kibertəhlükəsizlik həftəsi" keçirəcək.

ONA-nın xəbərinə görə, bunu nazirliyin Elektron Təhlükəsizlik Xidmətinin rəhbəri Faiq Fərmanov deyib. Onun sözlərinə görə, "Kibertəhlükəsizlik həftəsi" çərçivəsində aidiyyatı qurumlarla birgə "Hackathon" müsabiqəsi, "Kibertəhlükəsizlik həlləri üzrə seminar", "Dayanıqlı və təhlükəsiz bulud mühiti və s. by kimi mövzularda tədbirlər təşkil ediləcək.

“Kibertəhlükəsizlik həftəsi” çərçivəsində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən BMT-nin İnkişaf Proqramı ilə birgə “Kibertəhlükəsizlik: bizim ortaq məsuliyyətimiz” mövzusunda VI Regional İnternet İdarəçilik Forumu (RİİF) keçiriləcək", - deyə o qeyd edib.

Forumun keçirilməsində əsas məqsəd daha səmərəli, effektli regional iqtisadi inkişafa və mədəni irəliləyişə nail olmaq üçün internetin tətbiqinin müxtəlif yollarını nümayiş etdirməkdir. Forum yerli iştirakçıların beynəlxalq mütəxəssislərlə təcrübə mübadiləsi və əməkdaşlıq qurması, bu sahədə mövcud vəziyyətin, qarşıya qoyulmuş vəzifələrin, müvafiq xarici strukturlara inteqrasiya məsələlərinin birgə müzakirəsi və maraqlı innovativ layihələrin nümayişi üçün platformadır. Foruma təkcə ölkəmizin deyil, eyni zamanda, region ölkələri və nüfuzlu beynəlxalq təşkilatların da nümayəndələri cəlb olunacaqlar.

Tədbirdə “Regionun Kibertəhlükəsizlik Məsələləri”, “Kibertəhlükəsizlik və Beynəlxalq Hüquq”, “Kibertəhlükəsizliyin İnnovativ Həlləri”, “Uşaqlar üçün Təhlükəsiz İnternet” kimi mövzularda sessiyalar təşkil olunacaq.

Müzakirələrdə hökumət, biznes, diplomatik korpusların səlahiyyətli nümayəndələri, elm və vətəndaş cəmiyyətinin, internet ictimaiyyətinin mütəxəssisləri iştirak edəcəklər.

Qeyd edək ki, ölkəmiz İnternet İdarəçilik Forumunun aktiv iştirakçısı və təşkilatçısıdır. 2012-ci ildə Bakıda VII İnternet İdarəçilik Forumunun təşkil edilməsi ilə yanaşı, ölkəmizdə hər il Regional İnternet İdarəçilik Forumu keçirilməkdədir.

“Kibertəhlükəsizlik həftəsi” çərçivəsində keçiriləcək “Kibertəhlükəsizlik həlləri üzrə seminar”da Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə “Microsoft” korporasiyasının kibertəhlükəsizlik haqqında analitik hesabatı təqdim olunacaq. Tədbirdə dünyada və Azərbaycanda olan müasir kibertəhlükələr haqqında statistika və analizlər barədə ətraflı məlumat veriləcək.

Həmçinin, tədbirdə “AZCLOUD” bulud provayderinin təqdim etdiyi məlumatların rezervlənməsi xidməti, təhlükəsiz bulud xidmətləri, saxlanılan məlumatların itkisinin qarşısının alınması kimi məsələlər barədə təqdimatlar nümayiş olunacaq.

Bundan başqa, “Kibertəhlükəsizlik həftəsi” çərçivəsində 14 mart 2019-cu il tarixində AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunda “Azərbaycan Respublikasında CERT xidmətləri: kibertəhlükələr və onlardan mühafizə üsulları” respublika elmi-praktiki seminarı keçiriləcək. Seminarda ölkədə fəaliyyət göstərən “CERT” xidmətlərinin nailiyyətləri, gələcək vəzifələri, insidentlərlə bağlı aidiyyəti qurumlar arasında informasiya mübadiləsi, beynəlxalq əməkdaşlıq perspektivləri, müvafiq xarici strukturlara inteqrasiya məsələləri ilə bağlı müzakirələr aparılacaq.

Hüseyn

Teqlər:

SON XƏBƏRLƏR