Bakıda oktyabrda beynəlxalq kitab sərgi-yarmarkası keçiriləcək
  • İQTİSADİYYAT

  • 10:45 21 Sentyabr 2021

Bakıda oktyabrda beynəlxalq kitab sərgi-yarmarkası keçiriləcək

6-10 oktyabr 2021-ci il tarixində Bakı Ekspo Mərkəzində VII Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası "Baku International Book Fair 2021" keçiriləcək.

Tədbirin təşkilatçısı olan "Caspian Event Organisers" şirkətindən ONA-ya verilən məlumata görə, sərginin məqsədi kitab və mütaliəni təbliğ etmək və populyarlaşdırmaq, ziyarətçiləri həm Azərbaycan, həm də xarici nəşriyyatların çap məhsulları ilə tanış etmək, nəşriyyat işinə dəstək vermək, nəşriyyatları potensial əməkdaşlıq üçün kitab mağazaları ilə tanış etmək, eləcə də rəqəmsal dövrdə kitab biznesinin inkişafı ilə bağlı təcrübə və fikir mübadiləsini təmin etməkdir.

"Baku International Book Fair 2021" kitab sərgisi dünya ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycanın dahi şair və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunacaq.

Sərgidə nəşriyyatlar, mətbəələr, kitab mağazaları və mədəniyyət mərkəzləri təqdim olunacaq. Həmçinin, sərgidə ayrı-ayrı ölkələrdən 200-ə yaxın şirkətin iştirak edəcəyi gözlənilir.

"Baku International Book Fair 2021" kitab sərgisi şirkətlərin çap məhsullarını nümayiş etdirmək və satmaq, habelə yerli və xarici nəşriyyatlar, müəlliflər, eləcə də milli nəşriyyat və poliqrafiya şirkətləri ilə danışıqlar aparmaq və müqavilələr imzalamaq üçün unikal fürsətdir.

Sərginin keçiriləcəyi 5 gün ərzində iştirakçıları və ziyarətçiləri əlavə tədbirlərdən ibarət maraqlı proqramlar gözləyir.

Sərginin təşkilatçısı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyidir, qızıl sponsoru – BP şirkəti, baş TV tərəfdaşı – Azərbaycan İctimai Televiziyası, təşkilati dəstəyi isə "Caspian Event Organisers" (CEO) şirkəti həyata keçirir.

6 kvadrat metrə qədər ekspozisiya sahəsi və lazımı avadanlıqlar Sərgi-yarmarka iştirakçılarına sərginin təşkilatçısı tərəfindən təmin ediləcək.

Ziyarətçilər üçün sərgiyə "Koroğlu" metro stansiyasından hər yarım saatdan bir, “Elmlər Akademiyası” stansiyasının yanından isə hər saatdan bir avtobuslar hərəkət edəcəklər. 

“Baku International Book Fair 2021” sərgisində iştirak etmək və daha ətraflı məlumat almaq üçün sərgi təşkilatçıları ilə əlaqə saxlaya bilərsiniz: +994124041000, [email protected].

ONA

Teqlər:

OXŞAR XƏBƏRLƏR