Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) qadın sahibkarlığının inkişafını təşviq etmək, kiçik və orta sahibkarlar arasında qadınların sayının daha da artması üçün müvafiq tədbirlər həyata keçirir. Qadınların sahibkarlıq, bu sahədə yeniliklər, dəstək mexanizmləri barədə məlumatlandırılması, onların fikir və təkliflərinin öyrənilməsi üçün mütəmadi olaraq maarifləndirici tədbirlər – təlim, seminar və dəyirmi masalar təşkil olunur.
ONA-nın KOBİA-ya istinadən verdiyi məlumata görə, KOBİA-nın təşkilatçılığı ilə növbəti belə dəyirmi masa “Qadın biznes inkubatorlarının yaradılmasının təşviqi” mövzusuna həsr olunub. Qadın sahibkarların, eləcə də Azərbaycan Qadın Sahibkarlığının İnkişafı və “Kənd Qadınları” assosiasiyalarının nümayəndələrinin iştirakı ilə keçirilmiş tədbirdə ölkədə qadın sahibkarlığın inkişafı, bu sahədə dövlət dəstəyi tədbirlərinə dair sahibkarların fikirləri və təklifləri dinlənilib.
Dəyirmi masada “Azərbaycanda kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair” Strateji Yol Xəritəsinə uyğun olaraq, qadın biznes inkubatorlarının yaradılmasının təşviq edilməsi, bunun mikro və kiçik sahibkarlığın inkişafında əhəmiyyəti vurğulanıb, bu sahədə müzakirələr aparılıb.