Bakıda keçiriləcək "Formula 1" Azərbaycan Qran-Prisi yarışı ilə əlaqədar radiotezlik spektrinin qorunması gücləndirilib. Bu barədə ONA-ya Dövlət Radiotezliklər İdarəsindən bildirilib.
Yarışın keçiriləcəyi yerlərdə İdarənin Radiomonitorinq şöbəsi tərəfindən radioelektron avadanlıqların parametrləri yoxlanılır və onların sınaqları aparılır.
Tezlik spektrinin kənar müdaxilələrdən qorunması, bu cür genişmiqyaslı tədbirlərin keçirilməsində mühüm komponentdir. Problem yaradan və tezlik spektrinə təsir edən mühüm amil isə simsiz qurğulardır. Bu baxımdan, yarış zamanı istifadə edilən bütün avadanlıqlar əsaslı yoxlanılacaq.
Ayrıca olaraq mobil rabitənin etibarlı və sabit fəaliyyətini təmin etmək məqsədilə Dənizkənarı Milli Park (yarışların keçiriləcəyi əraziyə yaxın) ərazisində operatorlar tərəfindən mobil baza stansiyaları quraşdırılır. Yüksək keyfiyyətli televiziya yayımımı təmin etmək üçün isə zəruri olan tezliklər ayrılıb.