Bu ilin yanvar-fevral aylarında Bakı üzrə sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi əvvəlki ilin eyni düvrü ilə müqayisədə 3,7% artaraq 6,4 mlrd. manat təşkil edib.
ONA-nın Bakı Şəhər Statistika İdarəsinə istinadən verdiyi məlumata görə, hesabat ayında sənaye məhsulunun 82,6%-i mədənçıxarma, 15,1%-i emal, 1,7%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,6%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.
Sənayedə qeyri-dövlət sektorunun payı 83,3% olub. İstehsalın ümumi həcmində sənaye məhsulunun payı 87%, sənaye xarakterli xidmətlərin göstərilməsi isə 13% təşkil edib.
“İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilib, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında cari ilin martın 1-i vəziyyətinə 274,7 mln. manatlıq hazır məhsul ehtiyatı olub", - deyə məlumatda deyilir.
Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 41,5 mln. manat məbləğində digər məhsullar da mövcud olub.