Bakıda SOCAR-ın dəstəyi, Bakı Ali Neft Məktəbinin (BANM) və Böyük Britaniyanın “Confidence Capital” şirkətinin təşkilatçılığı ilə 4-cü SOCAR Beynəlxalq “Xəzər və Mərkəzi Asiya: Ticarət, Logistika, Neft emalı, Neft-kimya” forumu keçirilir.
ONA-nın məlumatına görə, 2016-cı ildən etibarən hər il təşkil olunan Forumda bu il 20-dən artıq ölkədən 300-ə qədər nümayəndə, o cümlədən Xəzər və Mərkəzi Asiya regionlarının yanacaq-energetika, neft-kimya komplekslərinin və logistika strukturlarının, həmçinin aparıcı yerli və beynəlxalq şirkətlərin top menecerləri, sahəsinin öndə gedən ekspertləri, analitiklər, diplomatik korpus nümayəndələri və digər çoxsaylı mütəxəssislər iştirak edirlər. İştirakçılar Azərbaycanın neft-qaz sənayesinin inkişafı, Xəzər regionu və Mərkəzi Asiyada neft və qaz bazarları, karbohidrogenlərin logistika və tranzit potensialı, başlıca ixrac marşrutları, xam neft və neft məhsullarının ticarət dövriyyəsi, neft emalı və neft-kimya müəssisələrinin modernizasiyası, neft və qaz emalı sahəsində innovativ texnologiyalar və bir çox digər sahələrdə çoxsaylı məruzələr və ekspert rəyləri ilə tanış olmaq imkanı əldə edirlər. Forum iştirakçılarının həmçinin SOCAR Karbamid, SOCAR Metanol, SOCAR Polimer zavodlarına və Səngəçal Neft Terminalına səfərləri nəzərdə tutulub.