Qaradağ rayonu ərazisində inşası planlaşdırılan qaz emalı və polimer kompleksi (SOCAR-GPC) layihəsi üzrə son investisiya qərarı 2019-cu ilin dördüncü rübündə qəbul ediləcək. ONA-nın xəbərinə görə, bunu bunu SOCAR-ın IV Beynalxalq "Xəzər və Mərkəzi Asiya: Ticarət, Logistika, Neft emalı, Neft-kimya" forumunda çıxış edən “SOCAR Polymer”in maliyyə direktoru Rauf Quliyev bildirib.
Onun sözlərinə görə, layihə çərçivəsində tikinti işləri 2020-ci ilin birinci rübündə başlayacaq, 2023-cü ilin üçüncü rübündə isə kompleksin işə başlaması planlaşdırılıb. Qeyd edək ki, SOCAR-GPC qaz emalı və polimer zavodlarından ibarət olacaq. Qaz emalı zavodunun illik gücü 10 mlrd. kubmetr həcmində (təmizlənmiş 9,1 mlrd. kubmetr) nəzərdə tutulub. Kompleksdə, həmçinin, ildə 600 min ton aşağı və yüksək sıxlıqlı polietilen, 130 min ton propilen, 42 min ton benzol, 25 min ton benzin istehsalı nəzərdə tutulur. Yeni müəssisədə “Technip”, “Axens”, “Sinopec Tech” və “Univation” şirkətlərinin texnologiyalarından istifadə ediləcək.