Azərbaycanda ilk dəfə olaraq 11–15 mart 2019-cu il tarixlərində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən keçirilən beynəlxalq “Kibertəhlükəsizlik həftəsi” çərçivəsində BMT-nin İnkişaf Proqramı (UNDP) ilə birgə VI Regional İnternet İdarəçilik Forumu keçirilir.
Nazirlikdən ONA-ya verilən məlumata görə, forum “Kibertəhlükəsizlik: bizim ortaq məsuliyyətimiz” mövzusuna həsr olunub.
Regional İnternet İdarəçilik Forumunun açılışından əvvəl nəqliyyat, Azərbaycanın rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə, BMT-nin baş katibinin köməkçisi, UNDP-nin rəhbərinin müavini və Avropa və MDB üzrə regional bürosunun direktoru Miryana Spolyariç Eqqer, Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) MDB ölkələri üzrə regional bölməsinin rəhbəri Kirill Oparin kibertəhlükəsizlik sahəsində həllər təklif edən yerli, eləcə də, beynəlxalq şirkətlərin məhsul və xidmətlərinin nümayiş olunduğu “Cyber Village” sərgisinə baxış keçiriblər.
Forumun keçirilməsində əsas məqsəd daha səmərəli, effektli regional iqtisadi inkişafa və mədəni irəliləyişə nail olmaq üçün internetin tətbiqinin müxtəlif yollarını nümayiş etdirməkdir. Forum yerli iştirakçıların beynəlxalq mütəxəssislərlə təcrübə mübadiləsi və əməkdaşlıq qurması, bu sahədə mövcud vəziyyətin, qarşıya qoyulmuş vəzifələrin, müvafiq xarici strukturlara inteqrasiya məsələlərinin birgə müzakirəsi və maraqlı innovativ layihələrin nümayişi üçün platformadır.
Müzakirələrdə hökumət, biznes, diplomatik korpusların səlahiyyətli nümayəndələri, elm və vətəndaş cəmiyyətinin, internet ictimaiyyətinin mütəxəssisləri iştirak edirlər.
Qeyd edək ki, ölkəmiz İnternet İdarəçilik Forumunun aktiv iştirakçısı və təşkilatçısıdır. 2012-ci ildə Bakıda VII İnternet İdarəçilik Forumunun təşkil edilməsi ilə yanaşı, ölkəmizdə hər il Regional İnternet İdarəçilik Forumu keçirilməkdədir.
Forumda çıxışı zamanı nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə bildirib ki, 20 ilə yaxındır ki, Azərbaycan Hökuməti BMT-nin İnkişaf Proqramı ilə əməkdaşlıq edir. Qurum informasiya-kommunikasiya texnologiyaları sahəsində bir çox layihələrə dəstək verir. Onların sırasında ölkəmiz üçün mühüm əhəmiyyət daşıyan “AzDatacom” şəbəkəsi, regionda ilk TİER-3 səviyyəli DATA mərkəzin qurulması birgə fəaliyyətin nəticəsidir.
R. Quluzadə ölkəmizdə texnoloji inkişafla yanaşı, kibertəhlükəsizlik məsələlərinin də diqqət mərkəzində olduğunu vurğulayıb. O bildirib ki, “Azərbaycan Respublikasının kibertəhlükəsizlik strategiyası (2019-2024)” hazırlanıb və təsdiq olunma mərhələsindədir.
Nazir İnternet İdarəçilik Forumunun öz ətrafında bütün maraqlı tərəfləri birləşdirməklə milli, regional və qlobal səviyyədə mövcud olan məsələlərin müzakirəsində mühüm rol oynadığını qeyd edib.
Forum çərçivəsində Miryana Spolyariç Eqqer qeyd edib ki, bu forum internetin gələcəyi ilə bağlı əhəmiyyətli müzakirələrə yol açır: “Eyni zamanda, forum heç kim kənarda qalmasın prinsipinə uyğun olaraq sadə insanların həyatını yaxşıya doğru dəyişmək, yeni nəsil idarəetmə üsullarını inkişaf etdirmək, eləcə də, internet texnologiyalarının potensialını daha yaxından araşdırmaq üçün yeni imkanlar irəli sürür, daha əhatəli və hər kəs üçün əlçatan olan idarəetmə platformalarını yaradır”.
Öz növbəsində Kirill Oparin də çıxışında forumun əhəmiyyətinə toxunub. Azərbaycanın BTİ ilə bütün sahələrdə səmərəli əməkdaşlıq etdiyini vurğulayan bölmə rəhbəri Azərbaycan Prezidenti tərəfindən İKT və innovasiyalar sahəsinə böyük diqqət və dəstək göstərildiyini vurğulayıb.
Forum işini “Regionun kibertəhlükəsizlik məsələləri”, “Kibertəhlükəsizlik sahəsində beynəlxalq təcrübə”, “Kibertəhlükəsizlikdə innovativ həllər” və “Uşaqlar üçün təhlükəsiz internet” mövzularında sessiyalarla davam etdirib.