Cari il ərzində Bakı Metropolitenində istismar müddətini başa vurmuş 7 ventilyator yenisi ilə əvəz ediləcək.
Metropolitendən ONA-ya verilən məlumata görə, bununla əlaqədar Rusiyanın “Artyomovsk Maşınqayırma Zavodu “Ventprom” Səhmdar Cəmiyyəti ilə müqavilə bağlanılıb. Həmin saziş əsasında bu ilin may ayına qədər müəssisənin istehsalı olan 7 ventilyator Bakıya gətiriləcək.
Ventilyatorlardan 4-ü “VOM 24R”, 3-ü isə “VOM 20” tiplidir. Onların gücü müvafiq olaraq 75 və 55 kVt, məhsuldarlığı, texniki göstəriciləri Bakı Metropoliteninin istismar şəraitinə tam uyğun və qənaətbəxşdir. Bu ventilyatorlar istismardan çıxarılan avadanlıqlarla müqayisədə quraşdırılacağı tunellərdə süni havalandırmanın keyfiyyətini bir neçə dəfə yaxşılaşdıracaq. Əvvəlki avadanlıqlar 20-30 m3/saniyə məhsuldarlıqla işləyirdisə, yeni avadanlıqların havalandırma imkanı 60-70 m3/saniyədir.
Məhsuldarlığı ilə yanaşı, yeni ventilyatorların faydalı iş əmsalı, faydalı gücü, titrəyiş və səs-küy həddi və s. texniki göstəriciləri tələb olunan standartlara cavab verir.
Qeyd edək ki, bununla yanaşı, 2019-cu ildə daha bir mühüm addım atılaraq, tunel və stansiyaların təbii havalandırılması istiqamətində də yeni layihəyə start veriləcək.