Bakının 4 parkinqində QR və "barcode" ödəniş sistemi tətbiq olunub. Bunu ONA-ya "GoldenPay" şirkətinin İdarə Heyətinin sədri Naina Mehdiyeva deyib.
Onun sözlərinə görə, hazırda yeni xidmət "28 Mall", "Gənclik Mall" ticarət mərkəzlərinin, həmçinin "Garage" və "Port Baku"nun parkinqlərində tətbiq olunub.
"Yaxın gələcəkdə bu xidmət paytaxtın digər avtomobil parkinqlərində, eləcə də kiçik və orta biznesdə istifadə olunan ödənişlərdə, marketlərdə və digər ticarət obyektlərində də tətbiq olunacaq", - deyə N. Mehdiyeva bildirib.
Qeyd edək ki, QR və "barcode" ödənişi hesab.az mobil əlavəsi vasitəsilə etmək mümkündür.