Özəl provayderlərə Bakının kabel infrastrukturunun istifadəsi üçün vahid qaydalar təklif olunub. Bu barədə ONA-ya “Baktelekom” MMC-dən bildirilib.
Hazırda özəl provayderlər dövlət operatorunun infrastrukturundan mövcud qaydalara riayət etməklə heç bir maneə olmadan faydalana bilirlər.
“Əgər illər öncə belə qaydalar mövcud deyildisə və bir növ xaotik yanaşma vardısa, indi tam əksinə, qaydalar mövcuddur və onlar hamı üçün eynidir. Paytaxt ərazisində “Baktelekom”un balansına daxil olan kabel-kanalizasiya sistemləri mövcuddur. Bu şəbəkənin işlək və müasir standartlara cavab verilməsini təmin etmək üçün operator tərəfindən böyük sərmayələr yatırılır”, - deyə MMC-dən bildirilib.
Müəssisədən onu da qeyd ediblər ki, bir çox özəl provayder bu infrastrukturdan cüzi və ya heç bir xərc çəkmədən maksimum faydalanmaq niyyətindədir. Lakin bu da mümkün olmadığı üçün mübahisə predmetinə çevrilir.
“Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində olan telekommunikasiya qurumlarının xərcləri artıq dövlət büdcəsi hesabına deyil, onların öz gəlirlərinin hesabına ödəniləcək. Əldə olunan gəlir operatorların mövcud telekommunikasiya şəbəkələrinin genişləndirilməsinə və təkmilləşdirilməsinə yönəldilir. Kabel-kanalizasiya sisteminin istifadəsi üçün müvafiq tariflər mövcuddur. Nəzərə alsaq ki, son illər dövlət operatorunun bu infrastrukturunun dayanıqlığını təmin etməsinə görə xərcləri artıb, bu birmənalı olaraq tariflərə də təsir edib”, - deyə “Baktelekom”dan bildirilib.