Bakıda avtobus dayanacaq məntəqələrinin yerləşdirilməsinə dair tələblər müəyyənləşib.
ONA-nın məlumatına görə, bu, Nazirlər Kabinetinin təsdiq etdiyi “Bakı şəhərində sərnişindaşımada istifadə olunan avtobuslara və taksi minik avtomobillərinə, onların sürücülərinə, sərnişindaşıma fəaliyyətini həyata keçirən daşıyıcılara, nəqliyyat mübadilə mərkəzlərinə, avtobuslar üçün dayanacaq məntəqələrinə və taksi minik avtomobilləri üçün duracaq yerlərinə dair Tələblər”də əksini tapıb.
Beləliklə, avtobus dayanacaq məntəqələri şəhər daxilində 400-600 metr, şəhərətrafı ərazilərdə isə 800-1000 metr intervalla yerləşdirilməlidir. Əks istiqamətlərdə hərəkət olan yollarda dayanacaq məntəqələri bir-birinə nəzərən çarpaz formada yerləşdirilməlidir. Dayanacaq məntəqəsi piyada keçidindən sonra yerləşdirilməlidir. Avtobusların yanalma sahəsi ilə piyada keçidinin arasında minimum 5 metr məsafə olmalıdır. Əks istiqamətlərdə hərəkət olan və hər istiqamətdə hərəkət üçün bir hərəkət zolağından ibarət yollarda dayanacaq məntəqələri çarpaz formada, bir-birindən minimum 36 metr ara məsafəsi gözlənilməklə quraşdırılmalıdır.
Avtobus dayanacaq məntəqələri yolayrıclarından sonar kəsişmənin xüsusiyyətlərindən asılı olaraq, minimum 20 metr məsafədə yerləşdirilməlidir. Yüksək sərnişin tələbatı olduqda və kəsişmədən sonar yol infrastrukturu əlverişli vəziyyətdə olmadıqda, avtobus dayanacaq məntəqəsi kəsişmədən minimum 30 metr əvvəl quraşdırıla bilər.
Dayanacaq pavilyonu aşağıdakı tələblərə cavab verməlidir:
- sərnişin tələbatından və istiqamət üzrə hərəkət edən marşrut avtobuslarının sayından asılı olaraq dayanacaq məntəqəsinə birdən az olmayaraq dayanacaq pavilyonu
quraşdırılmalıdır;
- dayanacaq pavilyonu avtobusun çıxış sahəsinə yaxın quraşdırılmalı və qurularkən piyadaların hərəkəti üçün minimum 1,2 metr səki sahəsi saxlanılmalıdır;
- dayanacaq pavilyonu ilə avtobusun keçdiyi hərəkət hissəsi arasındakı məsafə minimum 0,5 metr olmalıdır;
- tikiliyə yaxın yerləşdirilən pavilyona qulluq göstərilməsi (yuyulması və s.) üçün tikili ilə pavilyon arasında minimum 0,3 metr məsafə saxlanılmalıdır.
Dayanacaq məntəqəsində səkinin eni 2 metrdən az olarsa və gün ərzində 20 sərnişindən az minib-düşmə həyata keçirilərsə, həmin məntəqədə pavilyonun qoyulmamasına yol verilir. Dayanacaq lövhəsi dayanacaq yerini işarə edən yol nişanından, dayanacaq məntəqəsinin adının və dayanacaq məntəqəsindən keçən marşrutların nömrələrinin əks olunduğu məlumat tablosundan ibarətdir. Dayanacaq pavilyonu olmayan dayanacaq
məntəqələrində marşrutların dayanacaq məntəqəsindən keçmə qrafiki, intervalları və xəritə lövhənin aşağı hissəsində quraşdırılmış əlavə məlumat tablosunda əks olunmalıdır. Ödəmə terminalı dayanacaq məntəqəsi pavilyonunun yaxınlığında təhlükəsiz yerdə yerləşdirilməlidir.
Avtobus dayanacaq məntəqəsində yol müvafiq qaydada nişanlanmalıdır. Avtobusların yanalma sahələrində yolun nişanlanması çəkilən hissənin eni 3m±30 sm olmalıdır. Dayanacaq məntəqələri günün qaranlıq saatlarında işıqlandırılmalıdır. Avtobus dayanacaq məntəqələrində bordürün hündürlüyü 12-16 sm olmalıdır. Dayanacaq məntəqələri drenaj sistemi və zibil qutusu ilə təmin edilməlidir.