Bu ilin yanvar-mart aylarında Bakıda pərakəndə ticarət dövriyyəsinin həcmi əvvəlki ilin müvafiq dövrünə nisbətən müqayisəli qiymətlərlə 3% artaraq 4 924,5 mln. manat olub.
ONA-nın Bakı Şəhər Statistika İdarəsinə istinadən verdiyi məlumata görə, hesabat dövründə qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılmış məhsulların həcmi əvvəlki ilin eyni dövrünün səviyyəsini 3% üstələyərək 4 919,8 mln. manat təşkil edib.
Cari ilin yanvar-mart aylarında paytaxtın pərakəndə ticarət şəbəkəsindən bir istehlakçı məhsulların alınmasına 2018-ci ilin eyni dövrünün göstəricisi ilə müqayisədə orta hesabla ayda 23,3 manat çox vəsait xərcləyib.
Hesabat dövründə pərakəndə ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,4% artaraq 2 241,6 mln. manata, qeyri-ərzaq məhsullarının həcmi isə 2,9% artaraq 2 682,9 mln. manata bərabər olub. Dövriyyənin ümumi həcmində qeyri-ərzaq məhsullarının xüsusi çəkisi 2018-ci ilin eyni dövrü ilə müqayisədə 0,2% azalaraq 54,5% təşkil edib.
Qeyd edək ki, 2019-cu ilin ilk üç ayında istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 38,3%-i ərzaq məhsullarının, 7,2%-i içkilər və tütün məmulatlarının, 12,1%-i toxuculuq məhsulları, geyim, ayaqqabıların, 4,5%-i elektrik malları və mebelin, 2,7%-ikompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 2,5%-i əczaçılıq və tibbi malların, 7,5%-i avtomobil yanacağının, 25,2%-i isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.