“Bank of Baku” fiziki şəxslərin problemli kreditləri üzrə kompensasiya ödənişlərinə start verib.
Bankdan ONA-ya verilən məlumata görə, ilkin mərhələdə 500 manatdan aşağı (500 manat daxil olmaqla) kompensasiya alan müştərilərə ödəniş edən bank, kompensasiya ödənişlərinin ilk günündə, yəni, 22 aprel tarixində ümumilikdə 3 714 nəfər müştəriyə kompensasiya ödəyib.
Bankdan bildirilib ki, kompensasiyası 500 manatdan yüksək olan müştərilərin ödənişləri yaxın zamanda növbə prinsipinə əsasən ödəniləcək.
Hazırda bankın region və Bakı filialları gücləndirilmiş iş rejiminə keçərək müştərilərin xidmətindədir. Müştərilər kompensasiya ödənişlərinin veriləcəyi filial və tarix haqqında SMS və ya zəng vasitəsilə məlumatlandırılacaq. Telefon nömrəsini dəyişmiş müştərilərə Bankın 145 Məlumat Mərkəzi ilə əlaqə saxlayaraq, yeni telefon nömrələrini təqdim etmələri tövsiyə olunur.