• İQTİSADİYYAT

    14:46 28 mart 2019

Ekspert: "Banklar vergi borclarına görə sahibkarların hesablarını tam dondurmamalıdır"

Son günlər bəzi kiçik sahibkarların yaranmış vergi borclarına görə bank hesablarının və ya bank kartlarının tam şəkildə dondurulması hadisələrinə rast gəlmək olar. Azərbaycan Vergilər Nazirliyi vergi borcları olan fiziki şəxslərin faktiki borcların məbləği göstərilməklə bank hesabları və ya kartlarındakı vəsaitlərin müvafiq hissəsinin dondurulması barədə banklara sərəncam göndərib. Banklar isə vergi borcları üzrə məbləğləri deyil, sahibkarın bank hesabındakı bütün vəsaitlərini dondurub ki, bu da narazılığa səbəb olur. ONA-nın məlumatına görə, məsələ ilə bağlı Vergilər Nazirliyindən bildirilib ki, banklar yalnız sərəncamda olan məbləği dondura bilərlər.

İqtisadçı ekspert Elman Sadıqovun sözlərinə görə, hazırda qeyri-nağd dövriyyə artıb: "Ona görə də bu məsələlər aktuallaşıb. Yaxşı olardı ki, bu tip məsələlərlə bağlı qanunvericilikdə xüsusi maddə olsun".

Ekspert bildirib ki, bank hesabında borcdan çox vəsaiti olan vətəndaşların bu kimi problemləri olmamalıdır: "Əgər vətəndaşın hesabında borcundan əlavə vəsait varsa həmin puldan borc çıxılmalıdır. Qalan pul isə bankın müştərisinə verilməlidir".

Hüquqşünas Əkrəm Həsənov isə bildirib ki, ilk növbədə bank verginin qoyduğu sərəncamın nüsxəsini vətəndaşa verməlidir: "Əgər sərəncamda tam məbləğə deyil, müəyyən məbləğə sərəncam qoyulubsa, o zaman bank tərəfindən borc tutulmalı qalan vəsait müştəriyə verilməlidir. Hətta tutulma zamanı müştəri hesab edərsə ki, artıq faiz hesablanıb o zaman məhkəməyə müraciət edə bilər. Vətəndaşın hesabında borcdan artıq vəsaitin olması nəticəsində bütün vəsaitə sərəncamın qoyulması düzgün deyil. Bu zaman vətəndaş məhkəməyə şiyakət edə bilər".

Xeybər

Teqlər:

SON XƏBƏRLƏR