• İQTİSADİYYAT

    13:49 26 fevral 2019

Bankların lisenziyasının ləğvi proseduru müəyyənləşib

Maliyyə Bazarlarına Nəzarət Palatası “Bank inzibatçılarının tutduğu vəzifələrindən azad edilməsi və bank lisenziyasının ləğv edilməsi ilə bağlı sanksiyaların tətbiqinə dair materiallara baxılması və onun nəticələrinin rəsmiləşdirilməsi Qaydası”nı təsdiqləyib.

ONA-nın məlumatına görə, bu Qayda Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən Azərbaycanda fəaliyyət göstərən banklar və xarici bankların yerli filiallarının inzibatçılarının tutduğu vəzifələrindən azad edilməsi və bank lisenziyasının ləğv edilməsi ilə bağlı sanksiyaların tətbiqinə dair materiallara baxılması və onun nəticələrinin rəsmiləşdirilməsi qaydasını müəyyən edir.

İnzibatçı bankın Müşahidə Şurasının, Audit Komitəsinin və İdarə Heyətinin üzvləri, habelə bankın baş mühasibi (mühasibat xidmətinin rəhbəri), daxili audit bölməsinin əməkdaşları, bank filialının, şöbəsinin və nümayəndəliyinin rəhbərləri və baş mühasibləridir. Bu Qaydanın məqsədləri üçün “səlahiyyətli şəxs” dedikdə, bank inzibatçısının tutduğu vəzifədən azad edilməsi ilə bağlı sanksiyaya münasibətdə Palatanın İdarə Heyətinin sədri, bank lisenziyasının ləğv edilməsi ilə bağlı sanksiyaya münasibətdə İdarə Heyəti başa düşülür.

Bank inzibatçısının tutduğu vəzifədən azad edilməsi, bank lisenziyasının ləğv edilməsi barədə qərar müvafiq səlahiyyəti şəxs tərəfindən qəbul edilir. Sanksiyanın tətbiqi ilə bağlı qərar Palatanın bank fəaliyyətinə nəzarət üzrə struktur bölməsi tərəfindən hazırlanmış araşdırma hesabatı və ona əlavə edilmiş sənəd və məlumatlar əsasında qəbul edilir. Struktur bölmə inzibatçının tutduğu vəzifədən azad edilməsi ilə bağlı “Banklar haqqında”qanunda nəzərdə tutulmuş hallardan hər hansı birinin və ya bir neçəsinin baş verdiyini nəzərdə tutan aşağıdakı mənbələrlə əldə edilmiş məlumatlar əsasında sanksiyanın tətbiqi ilə bağlı məsələyə dair araşdırmaya başlayır:

- nəzarət səlahiyyətlərinin həyata keçirilməsi zamanı əldə olunmuş məlumatlar;

- səlahiyyətlərinə aid edilmiş məsələlər üzrə Mərkəzi Bankının əsaslandırılmış yazılı müraciəti;

- istehlakçı və ya investorlardan daxil olan şikayətlər;

- kütləvi informasiya vasitələrində yayılmış məlumat;

- dövlət orqanlarının və digər qurumların müraciəti;

- mənbəyi məlum olan digər məlumatlar.

Araşdırma prosesi bank inzibatçılarının tutduğu vəzifədən azad edilməsinə münasibətdə 30, bank lisenziyasının ləğv edilməsinə münasibətdə 90 təqvim günü müddətində tamamlanır. Bu müddət araşdırmanın yekunlarının müvafiq səlahiyyətli şəxsə təqdim edildiyi anadək olan bütün mərhələləri əhatə edir. Araşdırmanın məqsədləri üçün müvafiq məlumata malik olan bankın inzibatçısından məsələyə dair yazılı və ya şifahi izahat tələb edilə bilər. Bankın inzibatçısı tərəfindən izahatın verilməsindən imtina edilməsi araşdırmanın yekunlarına müvafiq olaraq ona qarşı sanksiya tətbiq edilməsini istisna etmir. Araşdırma yekunlaşdırıldıqdan sonra hesabat tərtib edilir və toplanmış materiallarla birlikdə struktur bölməyə kuratorluq edən İdarə Heyətinin üzvünə təqdim edilir. Struktur bölməyə kuratorluq edən İdarə Heyətinin üzvü tərəfindən toplanmış materialların sanksiyanın tətbiqi üçün kifayət qədər və əsaslı olduğu müəyyən edilərsə, 5 iş günü müddətində toplanmış materiallar müvafiq hesabat ilə birlikdə yekun qərarın qəbul edilməsi üçün müvafiq səlahiyyətli şəxsə təqdim olunur.

Sanksiyanın tətbiqinə dair qərarın qəbul edilməsi zamanı aşağıdakı amillər nəzərə alınır:

- inzibatçıların tutduqları vəzifələrdən azad edilməsi ilə bağlı sanksiyanın tətbiqi məsələsi üzrə:

- törədilmiş pozuntunun xarakteri və nəticələri;

- törədilmiş pozuntuda iştirak dərəcəsi;

- barəsində qərar qəbul edilən şəxsin pozuntu törədilmiş sahə üzrə məsuliyyət dərəcəsi;

- şəxsiyyəti xarakterizə edən hallar (səmimi peşmanlıq, işlədiyi yer üzrə müsbət və ya mənfi xarakterizə olunma və s.);

Bank lisenziyasının ləğv edilməsi ilə bağlı sanksiyanın tətbiqi məsələsi üzrə:

- törədilmiş pozuntunun xarakteri və nəticələri;

- pozuntunun baş verməsi faktı ilə bağlı bankın Palatanı təxirəsalınmadan və tam şəkildə məlumatlandırması;

- bankın törətdiyi əvvəlki pozuntular və həmin pozuntuların aradan qaldırılması məqsədilə Palatanın göstərişlərinin yerinə yetirilməsi, habelə onların nəticələrinin aradan qaldırılması ilə bağlı görülmüş tədbirlər.

Müvafiq səlahiyyətli şəxs tərəfindən sanksiyanın tətbiqinə dair toplanmış materiallara baxıldıqdan sonra aşağıdakı qərarlardan biri qəbul edilir:

- araşdırılmış hallar və təqdim edilən sənədlər natamam hesab edildiyi təqdirdə, əlavə olunması tələb olunan məlumat və (və ya) sənədlər, habelə son icra müddəti göstərilməklə hesabatın tamamlanması üçün geri qaytarılması barədə;

- araşdırılmış hallar və təqdim edilən sənədlər əsasında müvafiq olaraq, inzibatçının tutduğu vəzifədən azad edilməsi və ya bank lisenziyasının ləğvi barədə;

- araşdırılmış hallar və təqdim edilən sənədlər əsasında sanksiyanın tətbiqi üzrə başlanılmış araşdırmaya xitam verilməsi barədə.

Ramiz

Teqlər:

SON XƏBƏRLƏR