“Trans-Anadolu qaz boru kəmərinin (TANAP) layihəsinin ilkin qiymətləndirməsi 11,7 milyard ABŞ dolları təşkil edirdi. Lakin vəsaitə qənaət etməklə, layihənin hazırkı dəyəri 7 milyard ABŞ dollarıdır”.
ONA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu TANAP-ın baş direktoru Saltuk Düzyol deyib.
O bildirib ki, TANAP-la 30 iyun 2018-ci ildən 28 fevral 2019-cu ilə kimi Türkiyəyə 1 milyard 250 milyon kubmetr təbii qaz nəql edilib: “Bu il iyun ayın sonuna kimi nəql edilən qazın həcmi 2 milyard kubmetr, 2019-cu ilin sonuna kimi isə bu rəqəm 4 milyard kubmetr təşkil edəcək”.
1850 kilometr uzunluğa malik olacaq TANAP-ın illik gücünün 16 milyard kubmetr təbii qaz nəqlinə imkan verdiyini vurğulayan baş direktorun sözlərinə görə, 6 milyard kubmetr təbii qaz Türkiyə üçün, yerdə qalan 10 milyard kubmetr təbii qaz isə Avropaya veriləcək.
O qeyd edib ki, Avropaya qaz ixrac edəcək Faza-1 hissəsində 15 apreldə test işlərinə başlanılacaq: “İşlər bu sürətlə davam edəcəyi təqdirdə, 1 iyuldan etibarən Avropaya təbii qaz verməyi planlaşdırırıq”.
Qeyd edək ki, TANAP-la Azərbaycan təbii qazı Türkiyəyə və oradan da Avropaya nəql ediləcək.