• İQTİSADİYYAT

    13:26 19 mart 2019

Ağdamda 12 kəndin əhalisinə çıxarışlar təqdim olunub

Sosial əhəmiyyətli “Kütləvi çıxarış” kampaniyası bu dəfə Novruz bayramı ərəfəsində, martın 19-da Ağdam rayonunda keçirilib. Əmlak Məsələləri Dövlət Komitəsindən ONA-ya verilən məlumata görə, cəbhə bölgəsini əhatə edən budəfəki “Kütləvi çıxarış” kampaniyası geniş şəkildə keçirilməklə Ağdamın 12 kəndini əhatə edib. Belə ki, rayonun Xındırıstan, Dadaşlı, Baharlı, Paşabəyli, 1-ci və 2-ci Yüzbaşlı, Əhmədağalı, o cümlədən Böyükbəyli, Sarıcalı, Kəlbəhüseynli, Çəmənli, Sarıçoban kəndlərindən olan 200-ə yaxın sakinə ünvanlarındaca çıxarışlar təqdim edilib. Verilən çıxarışlar isə əsasən fərdi yaşayış evlərini, pay torpaqlarını, həyətyanı torpaqları əhatə edib. Xidmətdən istifadə edənlər arasında Qarabağ müharibəsinin iştirakçıları, şəhid ailələri, döyüşlərdə xəsarət almış şəxslər də olub. Kampaniya zamanı şəhid ailələrinə çıxarışlar evlərində təqdim olunub.

Ənənəvi hal alan “Kütləvi çıxarış” kampaniyası cəbhə ərazilərində yaşayan sakinlərin əmlaklarının qeydiyyata alınma prosesini birbaşa yerlərdə aparmaqla əlçatanlığı artırır. Elə həmin gün çıxarış verilməsi məqsədilə 80-ə yaxın sakindən əmlaklarına dair ilkin sənədlər toplanıb. Ağdam rayonunda sakinlərin çıxarışlarla təmin olunması ilə yanaşı, bu sahədə digər hüquqi xidmətlər də göstərilib. Belə ki, çıxarışların təqdim olunma qaydası, bu xidmətin göstərilməsi üçün lazım olan sənədlər, həmin sənədlərin başqa qurumlardan alınması kimi prosedurlar izah olunub. Komitənin fəaliyyətində istifadə olunan yeniliklər, müxtəlif sadələşmiş və elektron formada göstərilən xidmətlər barədə sakinlər əməkdaşlar tərəfindən məlumatlandırılıb. Bundan başqa, mobil ofislərdə yaradılan şərait nəticəsində mütəxəssislər çıxarış veriləcək əmlakların müayinəsini, çöl-ölçmə işlərini, texniki plan-ölçülərinin müəyyən olunmasını həyata keçiriblər.

Hüseyn

Teqlər:

SON XƏBƏRLƏR