• İQTİSADİYYAT

    15:52 6 mart 2019

Beynəlxalq Bankın toksik aktivlərinin 13 faizi borc əvəzinə əmlakla bağlanıb

Azərbaycan Beynəlxalq Bankından “Aqrarkredit BOKT” QSC-yə ötürülmüş 14,7 milyard manat həcmində toksik aktivlərin idarə edilməsi ilə bağlı nəzarət mexanizmi müəyyənləşib.

ONA-nın məlumatına görə, bu, Nazirlər Kabinetinin 2018-ci ildə fəaliyyəti haqqında hesabatında əksini tapıb.

Hesabatda qeyd edilib ki, ötürülmüş aktivlərin 2,3 milyard manat hissəsi problemli aktiv statusundan çıxıb. Bunun 1,9 milyard manatı, yaxud 13 faizə qədəri borc əvəzinə götürülmüş əmlakdır.

Beləliklə, 2019-cu il 1 yanvar tarixinə “Aqrarkredit BOKT” QSC-də olan toksik aktivlərin qalığı 12,4 milyard manat təşkil edir. Toksik aktivlər qarşılığında “Aqrarkredit BOKT” QSC-yə ümumilikdə 0,6 milyard manat məbləğində vəsait ödənişi aparılıb.

Sənəddə o da qeyd edilib ki, “Aqrarkredit BOKT” QSC tərəfindən dövlət zəmanəti əsasında emissiya edilmiş 10 milyard manat nominal dəyərində istiqrazların Mərkəzi Bank tərəfindən satın alınması ilə bağlı həmin kredit təşkilatına verilmiş vəsaitin 9 milyard 930 milyon manatı problemli aktivlərin satın alınması üçün Beynəlxalq Banka ödənilib. Bundan əlavə, Nazirlər Kabinetinin 2017-ci il 10 fevral tarixli sərəncamına əsasən, “Aqrarkredit BOKT” QSC tərəfindən 3 milyard dollar dəyərində sadə veksellərin emissiyasına dövlət zəmanəti verilib ki, bunun da 2,9 milyard dollara bərabər hissəsi Beynəlxalq Bankın problemli aktivlərinin alınmasına həsr olunub. Dövlət zəmanəti ilə cəmi buraxılmış qiymətli kağızların satışından daxil olan vəsait hesabına Beynəlxalq Bankdan “Aqrarkredit BOKT” QSC-nin idarəetməsinə 14 milyard 644,9 milyon manat məbləğində 8611 problemli aktiv ötürülüb. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 6 noyabr tarixli fərmanına uyğun olaraq həmin aktivlərin daha səmərəli idarə edilməsi üçün onların yeni yaradılmış “Azərbaycan Sənaye Korporasiyası” ASC-yə ötürülməsi nəzərdə tutulub. Nazirlər Kabinetinin 2016-cı il 30 dekabr tarixli sərəncamına uyğun olaraq Beynəlxalq Bankın nizamnamə kapitalının artırılmasına 600 milyon manat dövlət vəsaiti sərf olunub.

Ramiz

Teqlər:

SON XƏBƏRLƏR