• İQTİSADİYYAT

    17:11 27 mart 2019

Biləcəridə Ordubadi küçəsi yenidən qurulub

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən paytaxtın nəqliyyat sistemində mühüm əhəmiyyətə malik küçə və prospektlərində təmir-tikinti işləri davam etdirilir.

Agentlikdən ONA-ya verilən məlumata görə, vətəndaşların rahat gediş-gəlişini təmin etmək, o cümlədən nəqliyyat sıxlığının azaldılması istiqamətində dövlət başçısının tapşırıq və sərəncamlarına əsasən, Binəqədi rayonu, Biləcəri qəsəbəsi Ordubadi küçəsində aparılan yenidənqurma işləri artıq yekunlaşıb.

Sözügedən küçə uzun müddət əsaslı şəkildə təmir olunmadan istismar olunması nəticəsində yol boyu çalalar və torşəkilli çatlar əmələ gəlmişdi. Bu isə gediş-gəlişdə problemlərə səbəb olurdu.

Vətəndaşların rahat gediş-gəlişini təmin etmək üçün AAYDA tərəfindən ümumi uzunluğu 2,9 km, eni isə ortalama 16 metr olan Ordubadi küçəsində yenidənqurma və bərpa işləri tərtib olunmuş qrafikə uyğun və texnoloji ardıcıllıqla həyata keçirilib.

Aparılan işlər çərçivəsində hazırda köhnə asfalt beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, köhnə səki daşları sökülüb, zəruri yerlərdə əsasın deformasiyaya uğramış hissələri qazılaraq kənarlaşdırılıb, əks-dolğu işləri görülüb və hamarlayıcı lay asfalt-beton örtüyü döşənib.

Texnoloji ardıcıllığa uyğun olaraq hazırda küçəyə 2 qat olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi işləri də görülüb. Asfaltlanma işləri ümumilikdə 45 min kv.m-dən artıq sahəni əhatə edib.

Analoji işlər hazırda Biləcəri qəsəbəsinin Xurşudbanu Natavan küçəsində də aparılır. Küçənin uzunluğu 2.3 km təşkil edir.

Sözügedən küçələr Biləcəri qəsəbəsinin əsas yolu hesab olunur və qəsəbə sakinlərinin Binəqədi şosesi və Azadlıq prospektinə, o cümlədən Beynəlxalq Avtovağzal kompleksi istiqamətindən şəhər mərkəzinə və Sumqayıt şəhəri istiqamətinə rahat gediş-gəlişini təmin edir.

Təmir-tikinti işləri zamanı səth sularının yolun hərəkət hissəsindən kənarlaşdırılması üçün mövcud yağış-kanaliasiya sistemi də yenidən bərpa olunacaq, zəruri olan yerlərdə yeni sistem qurularaq yağış barmaqlıqları quraşdırılacaq, kommunikasiya xətlərinin baxış qapaqları dəyişdiriləcək, küçə boyu piyadaların rahat gediş-gəlişi üçün mövcud piyada səkiləri yenidən qurulub, kənarlarına yeni səki daşları düzüləcək.

Bütün işlər mövcud tikinti norma və qaydalarına əsasən AAYDA rəhbərliyinin nəzarəti altında aparılır. Təmir-tikinti işlərinin vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.

Emil

Teqlər:

SON XƏBƏRLƏR